Qazaxıstan Almaniyaya ildə 1,2 milyon ton neft sata bilər

11:50 05.06.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev bəyan edib ki, hazırda Avropaya ildə 200 min ton olan neft nəqlini 1,2 milyon tona qədər artıra bilərlər.

Hafta.az-ın yazdığına görə, Qazaxıstanın Almaniyanın Şvedt şəhərindəki neft emalı zavoduna bu il indiyədək göndərdiyi neftin miqdarı 90 min tondur və rəqəm ilin sonunadək 200 min tona çatdırılacaq. Tokayev daşımaları 6 dəfə artırmaq potensialına malik olduqlarını qeyd edib.

Ukraynadakı hərbi əməliyyatdan əvvəl “Rosneft”in müştərisi olan Almaniya ilə yanaşı, İtaliya da Qazaxıstanın neft müştəriləri sırasındadır. Əməliyyatdan əvvəl İtaliya nefti Rusiyanın başqa bir şirkəti olan “Lukoyl”dan alırdı.

Fransa və Rumıniya da Almaniya və İtaliya ilə müqayisədə daha az miqdarda olsa da, Qazaxıstandan neft alır.

“Reuters”ə danışan neft şirkəti rəsmisi bildirib ki, avropalılar Qazaxıstandan aldıqları nefti Şimali İraq nefti ilə qarışdıraraq Rusiyanın Ural neftinə alternativ əldə ediblər.