Qazaxıstan Prezidentinin Azərbaycana son səfəri geo-siyasi baxımdan böyük hadisə oldu - Politoloq

18:16 18.03.2024 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

“Qazaxıstan Prezidentinin Azərbaycana gəlişi  təsadüfi deyildi. Onun Bakıya səfəri Azərbaycandan, ümumiyyətlə, Cənubi Qafqazdan keçən enerji, kommunikasiya, yük və s. tranzitlərinin işləməsinə təkandır”.

Bu fikri hafta.az-a açıqlamasında Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin ötən həftə Azərbaycana dövlət səfərinin əhəmiyyətindən danışarkən siyasi analitik Tahir Cəfərli ifadə edib.

“Yaxşı bilirsiniz ki, Qazaxıstan Çinin tranzit yüklərini Avropaya çatdıran əsas ölkələrdən biridir və indi bu yüklərin Azərbaycandan keçib-getdiyi halda  heç bir region ölkəsi buna mane ola bilməyəcək. İran ərazisindən keçəcək tranzit yolları da  işləyəcək. Nəzərə alsaq ki, İranın Çinlə çox ciddi iqtisadi və siyasi əlaqələri var, İran tərəfi buna heç cür mane olmayacaq. Belə olduğu halda  artıq  Zəngəzur dəhlizi öz iqtisadi əhəmiyyətini itirəcək.

Qazaxıstan tranzitinin Azərbaycandan İrana və oradan Türkiyəyə keçməsi bu logistikaya  qoşulan ölkələrin iqtisadiyyatına gətirəcəyi gəlirlərdən xəbər verir. Rusiyanın da öz  tranzit yüklərinin bu logistikaya qoşacağı şübhəsizdir. Odur ki, nəyin bahasına olursa-olsun, Cənubi Qafqazda sülh olmalıdır”, - deyə davamında analitik qeyd edib.

“Azərbaycan tranzitlərinin işləməsi ölkəmizə nə verəcək?” sualını isə T.Cəfərli belə cavablandırıb:

“Təbii ki, bu ölkəmizə ciddi iqtisadi  yüksəliş gətirəcək. Tranzitin gətirəcəyi gəlir, neft-qazdan

qat-qat üstün olacaq. Azərbaycan Prezidentinin Qarabağda tikdirdiyi hava limanları məhz tranzit yüklərinin Azərbaycana, oradan isə başqa ölkələrə daşınması ilə bağlıdır

 

Azərbaycan prezidentin apardığı xarici siyasət nəticəsində ölkəmizdə əmin-amanlıq yaranır. Qazaxıstan prezidentinin Azərbaycana  gəlişi də bu siyasətin aktuallığını artırır. Artıq  güclü Qazaxıstan-Azərbaycan iqtisadi birliyi yaranmaqdadır. Bu da Azərbaycan üçün böyük qələbədir. Odur ki, Qazaxıstan Prezidentinin Azərbaycana səfəri geo-siyasi baxımdan  böyük hadisə oldu”.