Qazaxıstanda bu il Kanış Satpayevin 125 illiyi qeyd edilir

11:05 15.04.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bu il Qazaxıstanın görkəmli elm xadimi, dünyaşöhrətli geoloq Kanış İmantayeviç Satpayevin anadan olmasının 125 illiyi qeyd edilir.

Hafta.az-ın yazdığına görə, elm və istehsalatda əldə olunan böyük nailiyyətlər Kanış Satpayevin adı ilə bağlıdır. K.Satpayev qazax dilində cəbr dərsliyinin ilk tərtibçisi, qazaxlar arasında ilk peşəkar geoloq mühəndis, SSRİ Elmlər Akademiyasının ilk qazax akademiki, Qazaxıstan Elmlər Akademiyasının təsisçisi və ilk prezidenti, Qazaxıstan SSR Elmlər Akademiyası Geologiya İnstitutunun ilk direktoru, Qazaxıstanda Dövlət və Lenin mükafatlarının ilk laureatı, Qazaxıstan geoloqları elmi məktəbinin banisi və Qazaxıstan metallurgiya elminin yaradıcısıdır.

Kanış Satpayev 12 aprel (bəsi mənbələrə görə 31 mart) 1899-cu ildə Qazaxıstanın Pavlodar vilayətinin indiki Bayanaul rayonunda İmantay Satbayev və Alima Satbayeva ailəsində doğulub. Gələcək alimin ilk təhsil illəri tədrisin ərəbcə aparıldığı doğma kəndində yerli mollanın yanında keçib. K.Satpayev Pavlodar Qazax-Rusiya gimnaziyasında iki sinfi bitirdikdən sonra təhsilini Semipalatinsk Müəllimlər Seminariyasında və Tomsk Texnoloji İnstitutunun dağ-mədən fakültəsində davam etdirir. Seminariyada sinif yoldaşları arasında “Alaş” siyasi milli azadlıq partiyasının tanınmış simaları – məşhur qazax dramaturqu, nasir, şair Jusupbek Aymauytov, yazıçı Muxtar Ayezov və alim Alkey Marqulan da olub. Semipalatinskdə oxuduğu illərdə K.Satpayev qazax ziyalıların digər böyük nümayəndələri, Alaş partiyasının üzvləri - Axmet ​​Baytursınov, Mırjakıp Dulatov və Sultanmaxmud Torayqırovla da görüşüb. Gənc alim Ş.Kudayberdyuli ilə də sıx əlaqədə olub, onun əməyini yüksək qiymətləndirib.

Gənc mühəndis-geoloq Kanış Satpayev peşəkar fəaliyyətə 1927-ci ildə Karsakpay mis mədənində yerli peşəkar kadrların olmaması, maliyyə və maddi imkanların çatışmazlığı şəraitində başlayıb. Buna baxmayaraq, 1930-1940-cı illərdə Kanış Satpayev dünyaya özünün əsas kəşflərindən birini - dünyada ən böyük, ən azı 2 milyon ton ehtiyatı olan Cezkazqan mis yatağını təqdim edib.

Böyük Cezqazqanın kəşfi Qazaxıstanın simasını həmişəlik dəyişib və ölkənin kənd təsərrüfatından sənayeyə çevrilməsinə töhfə verib. Ölkədə misəritmə zavodunun tikintisi, İrtış-Qaraqanda kanalının tikintisi, dəmir yolunun çəkilməsi kimi iri layihələr həyata keçirilib. 1934-cü ildə ilk ali texniki təhsil müəssisəsi - Qazaxıstan Dağ-Metallurgiya İnstitutu (indiki K.İ. Satpayev adına Qazax Milli Tədqiqat Texniki Universiteti) açılıb. Yaradılan institut ilk qazax elmi kadrlarının dayağı olub.

Akademik Kanış Satpayevin elmi irsinə 800-ə yaxın nəşr daxildir. Onun redaktorluğu ilə Qazaxıstan SSR Elmlər Akademiyasının 30-dan çox elmi əsərlər toplusu nəşr edilib. Alim Qazaxıstanda ən böyük faydalı qazıntı yataqlarının aşkar edilməsində, onların hasilatı və emalı üçün istehsalat bazasının yaradılmasında əvəzsiz xidmətləri olub. Onun rəhbərliyi ilə Qazaxıstanın mineral ehtiyatlarının dünya geoloji praktikasında analoqu olmayan ilk xəritəsi tərtib edilib.

Hazırda Qazaxıstanın Ulitau vilayətində bir şəhər, yüzlərlə küçə, eləcə də orta təhsil ocaqları onun şərəfinə adlandırılıb. K.Satpayevin obrazı ona həsr olunmuş abidələrdə əbədiləşdirilib. Onun adı Qazaxıstan Elmlər Akademiyası Geologiya Elmləri İnstitutuna və ölkənin ən böyük texniki universiteti - Almatıdakı Qazax Milli Texniki Universitetinə verilib. Bundan əlavə, Cunqar (Jetisu) Alatau silsiləsində bir buzlaq və zirvə, Karataudakı vanadium yatağında tapılan “Satbayevit” mineralı, “Akademik Satpayev” qladioli çiçəyi və hətta bir planet onun adını daşıyır.

Akademik Kanış Satpayev 31 yanvar 1964-cü ildə Moskvada vəfat edib.