Qazilərin intihar etməsinin SƏBƏBLƏRİ AÇIQLANDI

15:38 02.09.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Bu gün qazilərimizə sosial-maddi və psixoloji yardım lazımdır. Qeydiyyata alınan qazilərimiz çoxdur-11 min.

Bu fikirləri hafta.az-a həkim-psixoterapevt, hərbi-psixoloq Azad İsazadə deyib:

“O qazilərin bəziləri orta məktəb bitirən kənd uşağıdır, ali savadları yoxdur. İş problemi, sənət problemləri var. Həmin o uşaqlar döyüşdə yaralanıb qospitala düşəndə, heç yatmayıblar orda. Deyirdilər ki, mənim dostlarım döyüşür, mən hara yatıram. İndi müharibə qurtarıb, amma əlində heç bir sənədi yoxdur. 3 dənə yarası var, kontuziyası var, bədəndə qəlpəsi var. Amma kağızı yoxdur. O sənədləri bərpa eləmək mümkündür, amma kimsə bu işlə məşğul olmalıdır. Bu olmayanda qazidə əsəb pozuntusu, yuxu pozuntusu baş verir. Çoxları da özünə intihar edir.

Tutaq ki, Amerika ordusu 20 il Əfqanıstanda döyüşlərdə olub. Onların veteranlarının arasında 6-7 min, bəlkə də daha çox sui-qəsdlər olub. Biz başa düşürük ki, orda psixo-sosial reablitasiya da var, maddi təminat da var. Vyetnam müharibəsindən sonra da həmin proses getdi.  Bu o demək  deyil ki, mən əsgərlərimizin sui-qəsd hallarına bəraət qazandırıram, xeyr. Bu o deməkdir ki, biz  bu məsələ ilə daha ciddi məşğul olmalıyıq. Çünki bu dalğa bizi də gözləyir. İkincisi də bu gün nə siz, nə mən deyə bilmərik ki, üçüncü müharibə olmayacaq.  Bizi intiharların, depressiyaların, aqressiyaların dalğaları gözləyir.

Ümumiyyətlə, post-dramatik  sindrom birdən -birə formalaşmır. Əsgər travmanı alırsa,  post-dramatik travmanın formalaşmasına azı yarım il vaxt lazımdır. Deməli, biz indi o dalğanın içinə keçməyə başlayırıq. Çünki, yara əvvəl-əvvəl isti idi. Yara-travma isti olanda onu bəzən hiss eləmirik. Qazilərə də təzə-təzə diqqət daha çox olur, sonra yavaş-yavaş unudulur, bu qalır öz problemi ilə təkbətək. Travmatik sindrom formalaşır. Biz bu mənada cəmiyyət, dövlət olaraq onları tək qoymamalıyıq. Onları hansısa sosial proqramlara, kurslara cəlb etməliyik. Bununla yanaşı da peşəkar psixoloji yardım edilməlidir.