Bu gün Bakıda II Bakı Qəhvə və Çay Festivalının açılışı olub.
Hafta.az yazır ki, üç gün davam edəcək festivalda Kolumbiyanın ölkəmizdəki səfirliyi ayrıca guşədə təmsil olunub. Müxtəlif cür qəhvə növlərinin, ekzotik meyvələrin sərgiləndiyi guşəyə baş çəkən qonaqlar, Kolumbiyadan gətirilmiş ləziz qəhvədən dadmaq imkanı da qazanırlar. Üstəlik, açılış mərasimində qonaqlara bu ölkə mətbəxindən qutablar da təqdim edilib.

Festivalın açılışından öncə Kolumbiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Luis Antonio Dimate Kardenasla ayaqüstü söhbətləşmək imkanımız oldu.
“Azərbaycanla Kolumbiya arasında müxtəlif sahələrdə əlaqələr yüksək səviyyədədir. Biz illərdir çalışırıq ki, daha çox iqtisadiyyat sahəsində əlaqələrimizi möhkəmləndirək. Bilirsiniz ki, Kolumbiya iqtisadiyyatından söz açarkən ilk növbədə qəhvə yada düşür”, - deyən səfir əlavə edib ki, Kolumbiyanı qəhvəsini məşhur edən onun ətri, gözəl dadıdır. İstəyirik ki, Azərbaycanda da Kolumbiya istehsalı olan qəhvə çeşidləri daha çox yayılsın, təbliğ edilsin.

Kolumbiyalı diplomat, ümumilikdə iqtisadi əlaqələrin inkişafına toxunaraq bildirib ki, ölkəsi xarici ticarətdə yalnız qəhvə çeşidləri ilə məhdudlaşmır: “Guşəmizə fikir versəniz görərsiniz ki, orada rəngarəng güllər, müxtəlif növ ekzotik meyvələr də var. Bu məhsullar dünyada məşhurdur və çox istərdik ki, onları Azərbaycan bazarlarına gətirək. Həmçinin, tibb sahəsindəki uğurlarımızın təcəssümü olan məhsullarımızın da Azərbaycana ixracı mümkündür və səfirlik olaraq bütün bunların reallaşması üçün əlimizdən gələni edirik”.
Səfir Kardenas hesab edir ki, iqtisadi sahədə iki ölkənin potensialından tam istifadə olunmayıb: “Buna görə də ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi elə də nəzərə çarpan deyil. Amma biz səfirlik olaraq çalışırıq ki, bu göstəriciləri daha da artıraq. Məsələn, ötən il ən böyük uğurlarımızdan biri də ticarət dövriyyəsində 80 faiz artıma nail olunmasıdır. Bu, gül ixracından əldə olunub və bizim üçün böyük nailiyyətdir. Bu inkişafın digər məhsullarda da özünü göstərməsi istiqamətində isə fəaliyyətimiz davam edir”.

“Kolumbiyanın ən məşhur qəhvə şəbəkəsi olan Juan Valdez-in Bakıda satış mərkəzini təşkil etmək istəyirik. Bizim bir çox şirkətlər var ki, onların Azərbaycanla əlaqə qurması yaxşı olardı. Biz səfirlik olaraq hazırda Kolumbiya və Azərbaycan şirkətlərini arasında təmas yaratmağa çalışırıq. Çünki bu yolla Kolumbiya şirkətlərinin Azərbaycana gəlməsi daha asan olar” deyən diplomat əlavə edib ki, ən keyfiyyətli qəhvə dağlıq coğrafiyada yetişir. Ona görə də Kolumbiya dağlarında becərilən qəhvə çeşidlərinin hamısı dadlıdır...