Qələbələrimiz dərsliklərin yenilənməsini zəruri edir – Müzakirə

11:43 23.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu zəfər yürüşündə inamla irəliləyir. Demək olar ki hər gün, yeni-yeni ərazilər işğaldan azad edilir, tarixi torpaqlarımızda üç rəngli, ay ulduzlu bayrağımız dalğalandırılır. Biz də, bu şanlı tarixin canlı şahidləriyik, lakin, qazanılan uğurun, Azərbaycan Ordusunun şücaətinin gələcək nəsillərə ötürülməsi də, önəmli məqamlardan biridir.

Bəs görəsən azad edilən ərazilərimiz haqqında məlumatlar cari ildə məktəblilərə necə tədris ediləcək? İşğal edilmiş torpaqlarımızın xronoloji ardıcıllığı qeyd edilən dərs vəsaitlərinə əlavə hansı dəyişikliklər lazımdır? Ümumiyyətlə dərsliklər neçə ildən bir yenilənir?

Hafta.az-ın əməkdaşı məsələyə aydınlıq gətirmək üçün üz tutdu mütəxəssislərə.

Suallarımızı ilk olaraq, Bakı Dövlət Universitetinin professoru, əməkdar jurnalist Qulu Məhərrəmliyə ünvanladıq. O bildirdi ki,  hansı kitablarda işğalla bağlı cədvəl verilib, şübhəsiz ki, bu təzələnməlidir:

“Bu zaman, şagirdlər məlumatlandırılmalıdır ki, filan tarixdə bu rayonlar, bu şəkildə işğaldan azad olunub. Ümumiyyətlə bilgi olaraq, verilsin ki, 2020-ci il sentyabrın 27-dən filan dövrə qədər olan hücumlarda, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib. Amma tarix dərsliklərində, ermənilərin 30 ilə yaxın, torpaqlarımızın bir hissəsini işğal altında saxlaması, lakin, şanlı, rəşadətli Azərbaycan Ordusunun, Ermənistan ordusunun təxribatlarına qarşı əks hücum əməliyyatları həyata keçirərək, tarixi torpaqlarımızı işğaldan azad etməsi qeyd edilməlidir”.

Professor dedi ki, xüsusilə tarix kitablarında ordumuzun şücaəti geniş təsvir olunmalıdır. Məhz bu səbəbdən də, yaxşı olardı ki, dərsliklər yenilənsin:

“Döyüşü kimlər aparıb, hansı şəraitdə keçirilib, geniş təbliğ edilməlidir. Çünki bu, bizim son yüzillik tariximizdə Qarabağda ikinci böyük zəfərimizdir. Ona görə, şagirdləri məhz bu ruhda tərbiyə etmək lazımdır. Amma yenə də, əvvəlki işğal xronikasını da, göstərmək lazımdır. Uzun danışıqlar prosesi nəticə vermədiyi üçün, Azərbaycanın Ali Baş Komandanı əks hücum əmri verib və müasir döyüş texnikasına yiyələnən, yüksək döyüş ruhu olan Azərbaycan Ordusu bu əraziləri işğaldan azad edib. Daha sonra tarixlər də göstərilsin. Buna görə də dərsliklər xüsusən də tarix dərsliyi təzələnməlidir, buraya yeni biliklər, tarixi gerçəkliklər əlavə edilməlidir”.  

Növbəti müsahibimiz isə, təhsil eksperti Elçin Əfəndi oldu. O söylədi ki, torpaqlarımızın işğaldan azad edilməsi prosesi başa çatdıqdan sonra, növbəti tədris ili üçün dərsliklərin yenilənməsi nəzərdə tutulur:

“Tarix, coğrafiya, həyat bilgisi dərsliklərində, Qarabağ və ətraf rayonların işğal edilməsi haqqında məlumatlar geniş şəkildə öz əksini tapır. Hazırda ərazilərimizin işğaldan azad edilməsi prosesi davam etdiyi üçün, proses bitdikdən sonra, növbəti tədris ilindən etibarən, dərsliklərdə dəyişikliklər ediləcək. Bu zaman, bütün yeniliklər dərsliklərdə öz əksini tapacaq”.

E.Əfəndi onu da bildirdi ki, normalda dərs vəsaitləri, kitablar hər il yenilənməlidir:

“Sonuncu dəfə tarix dərsliyi iki il əvvəl hazırlandı. Burada böyük bir rezonans doğuran məqamlar var idi. Son zamanlar yalnız üzərində bir neçə dəyişikliklər edilib. Daha da təkmilləşdirilib. Yenidən tarix dərsliklərinin hazırlanması məsələsi isə, təəssüf ki gündəmdə yoxdur. Fikrimcə, dərsliklər hər il yenilənməlidir. Bu zaman dilimizə yeni daxil olan müvafiq sözlər əlavə edilməlidir. 2016-cı ildə dərsliklərin yenilənməsi ilə bağlı əmr verilmişdi. Orada 22 dərs vəsaitinin yenidən hazırlanması nəzərdə tutulurdu. Amma təəssüflər olsun ki, ötən və hazırki tədris ilində yeni dərsliklər yazılmadı”. 

Ekspert növbəti illərdə dərs vəsaitləri yenilənənə qədər, işğaldan azad dedilmiş torpaqlarımız haqqında məlumatların şagirdlərə xüsusi yollarla çatdırılacağını da vurğuladı:

“Burada müəllimlərin də üzərinə məsuliyyət düşür. Düşünürəm ki, Təhsil Nazirliyi tərəfindən, müvafiq mözu ilə bağlı, broşurlar, posterlər vasitəsi ilə şagirdlərə işğaldan azad edilən torpaqlarımız haqqında informasiya çatdırılacaq. Prosesi tam olaraq bitdikdən sonra isə, keçirilən döyüş əməliyyatları, onlara rəhbərlik edən şəxslər barəsində məlumatlar veriləcək. Bu artıq növbəti tədris ili üçün nəzərdə tutulur”.

Təhsil Nazirliyindən isə saytımıza bildirildi ki,  dərsliklərin dəyişdirilməsi müəyyən qrafik üzrə mərhələli şəkildə həyata keçirilir. 1-9 cu siniflərdə 4 ildən bir, 10-11 ci siniflərdə 5 ildən bir. O da deyildi ki, torpaqlarımızın işğaldan azad edilməsi haqqında tədrisdə bəzi dəyişikliklər də edilib:

“Tarix dərslərində həm işğal, həm də şanlı azad olunma tarixi tədris ediləcək. Kağız dərliklərin dəyişdirilməsi zaman tələb etsə də, tədrisdə müvafiq düzəlişlər artıq indi (Teledərslərdə) edilir. Dərsliklərin təkmilləşməsi fənlər üzrə deyil, siniflər üzrə aparılır. Cari ildə 1, 5 və 9 siniflərin dərslikləri təkmilləşdirilmişdir. Gələn tədris ili üçün 2 və 6-cı siniflərin dərslikləri təkmilləşdiriləcəkdir”.

Mütəxəssislərdən və rəsmi mənbədən aldığımız məlumatlara əsasən söyləyə bilərik ki, dərs vəsaitləri yenilənənə qədər, qazandığımız uğuru şagirdlərə çatdırmağın müxtəlif, fərqli yolları var. Məsuliyyət ailələrin, müəllimlərin və cəmiyyətin üzvü olaraq hər birimizin çiyinlərindədir. Bu gün Azərbaycan xalqı şanlı keçmişindən ilham alır, bütün cəbhələrdə düşmənə qarşı dimdik ayaqdadır. Şübhəsiz ki, sabah, tarix olacaq bu günlər yolumuza işıq salacaq.

Banu Hüseynli

Oxunma sayı 701