Qərb şirkətləri silah satışından rekord gəlir götürüblər

11:00 26.10.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ukraynada müharibənin davam etməsi qlobal silah istehsalçılarının yararınadır.

Hafta.az-ın “Əl-Cəzirə” telekanalına istinadən yazdığına görə, Qərb silah istehsalçıları ABŞ və digər Qərb ölkələrinin Ukraynaya intensiv və fasiləsiz hərbi texnika daşıması səbəbindən ehtiyatlarını artırmaq üçün silah istehsalçılarına artan sifarişlər verirlər. Bu vəziyyət silah şirkətlərinə bazar gözləntilərindən yüksək mənfəət hesabatı verməyə imkan yaradır.

Virciniyada yerləşən “General Dynamics”, artilleriya sistemlərinə və zirehli maşınlara tələbatın artması səbəbindən üçüncü rübdə mənfəətinin 836 milyon dollara yüksəldiyini açıqlayıb.

Dron istehsalçısı FLIR Systems-in sahibi olan Kaliforniyada yerləşən “Teledyne” şirkəti üçüncü rübdə rekord məbləğ - 198,6 milyon dollar qazanc əldə etdiyini bildirib və bütün il üçün artım proqnozunu saxlayıb.

Almaniyanın rəsmi silah istehsalçısı “Rheinmetall”, sursat və silah satışlarının üçüncü rübdə qazancını 191 milyon avroya çatdıracağının gözləndiyini söyləyib. Bildirilib ki, Almaniyanın “Rheinmetall” müdafiə şirkəti Rusiyanın Ukraynaya qarşı müharibəyə başladığı gündən Ukrayna ordusuna verilən 155 mm çaplı artilleriya mərmilərinin qiymətini azı 1,5 dəfə artırıb.

Almaniyanın “Welt” qəzetinin xəbərində, “Gizli sənədlər “Rheinmetall”ın Ukrayna üçün xərcini federal hökumət tərəfindən qarşılanan artilleriya mərmilərini nə qədər baha satdığını ortaya qoyur. Rusiyanın Ukraynaya hərbi hücumu başlayandan sursatların qiymətləri xeyli artıb və tezliklə daha da arta bilər” deyilir.

Sözügedən sənədin iyulun 10-da Almaniya Müdafiə Nazirliyinə bağlı bir təşkilatla “Rheinmetall” şirkəti arasında imzalanan və şirkətin 2029-cu ilə qədər 1,2 milyard avro dəyərində sursat təmin edəcəyini nəzərdə tutan müqavilə olduğu bildirilib. “Welt”in əldə etdiyi sənəddən “Rheinmetall”ın bu müqavilə çərçivəsində 333333 mərmi təslim edəcəyi, buna görə də vahidin qiymətinin 3600 avro olduğu anlaşılır.

Xatırladaq ki, Rusiyanın müharibəyə başlamasından əvvəl belə bir mərminin qiyməti 2 min avro idi. Almaniya Maliyyə Nazirliyi qiymətin daha da arta biləcəyindən ehtiyatlansa da, bu prosesin qaçılmaz olduğunu bildirilib.

Siyasət rubrikasından digər xəbərlər