Qış turizmində əlçatanlıq və qiymətlər - Müzakirə

14:15 30.10.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın coğrafi relyefi, mətbəxi buraya gələn turistləri hər zaman cəlb edə bilib. Hər il ölkəmizə yaz-yaz mövsümündə minlərlə turist axını olur. Artıq qış mövsümünün başlamasına az qalıb. Bəs Azərbaycanda qış turizmində əlçatanlıq və qiymətlər qaneedicidirmi?

Mövzu ilə bağlı hafta.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli dedi ki, qış turizmi turizmin bir tərkib hissəsidir. Onun sözlərinə görə, ümumilikdə turizmdə olan vəziyyət qış turizminə də təsir edir:

“Qış turizmi ilə bağlı Azərbaycanda iki bölgə ixtisaslaşıb: Qəbələ, Şahdağ Turizm Mərkəzi. Burada da əsasən qiymətlər bahadır. Biz anlamalıyıq ki, qış turizmi ilə bağlı rəqiblərimiz də bölgə ölkələridir. Məsələn, Gürcüstan, Türkiyə bu sahədə çox perspektivli işlər görür. Xaricdən turist cəlb etmək istəyiriksə, qiymətlərin uyğunlaşdırılmasına diqqət etməliyik. Çünki kifayət qədər bahadır. Onu da deyim ki, qış turizmi həm də bahalı turizm növüdür. Bizim qiymətlər bu sahədə rəqib ölkələrlə çox ciddi fərqlənir. Belə olan halda turistlər daha çox o dövlətlərə axın edir, biz də nəticədə uduzmuş oluruq. Tək otellərin və xidmətlərin bahalığından söhbət getmir, qış turizminə əlçatanlıq məsələsi əsas şərtdir. Yəni oraya gəlib çatana qədər xərclənən pul kifayət qədər yüksəkdir. Aviabletlərin, daşınmaların qiyməti bahadır. Qış turizmi ilə bağlı Azərbaycanda çox böyük yatırımlar olub. Yaxşı infrastruktur da yaradılıb. Əlçatanlıq məsələsinin yaxşı olmaması, əsasən azərbaycanlıların orada dincəlməsinə hesablanıb”.

İqtisadçı İlham Əzizov isə hesab edir ki, qış turizmi ”Şahdag “ qış-yay turizm kompleksinin açılışından sonra start götürüb, amma ölkənin bu sahəni inkişaf etdirmək üçün potensialı çoxdur:

"Qış turizmi tək xizək sürməklə bitmir. Burada digər aktivitələr, təhlükəsizlik məsələləri həll edilməlidir. Biz turizmdə qonşu Gürcüstanla rəqabət aparırıq, lakin, qiymətlər bizdə daha yüksək oldugundan onları qabaqlamaq mümkün olmur. Ümumiyyətlə turizmin inkişafı milli valyutanın dəyəri ilə tərs mütənasibdir. Valyuta dəyərləndikcə turist axını azalır. Odur ki, istər mehmanxana, istər nəqliyyat, istərsə də qida məsələlərinə diqqət yetirilməlidir. Yeni qış turist bazaları açılmalıdır. Buna təbii imkanlarımız var. Tufandağ komklesi buna əyani sübutdur. Bu barədə dövlət proqramı var, amma daha çevik qərarlar qəbul etmək lazımdır".