Qızıl "qaçaqmalçısı" rus alim Əfqanıstanda saxlanıldı

09:17 21.07.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun və Paleoetnoloji Tədqiqatlar Mərkəzinin əməkdaşı, etnoqraf Svyatoslav Kaverin Əfqanıstanda saxlanılıb.

Hafta.az-ın yazdığına görə, bu barədə “Ostorojno Novosti” etnoqrafın tanışlarına istinadən məlumat yayıb.

İlkin məlumata görə, o, “zinət əşyalarının qaçaqmalçılığında” ittihamlanır. İyulun 19-dan onunla əlaqə kəsilib. Kaverin özü saxlanıldığına dair Telegram kanalında yazmağı bacarıb.

  • “Məni Kunduzda qızıl-zinət əşyalarını “qaçaqmalçılıq yolu ilə keçirməyə” cəhd ittihamı ilə həbs etdilər. İndi məni Kabilə, Baş Kəşfiyyat İdarəsinə aparırlar. Ümid edirəm ki, iş dindirilmə və sənədləşmə ilə məhdudlaşacaq. Mənə bəzən smartfonumu götürməyə icazə verirlər”, o yazıb.

Kaverinin tanışları deyirlər ki, o, zinət əşyalarını özü üçün, dostlarına isə hədiyyə olaraq alıb. Həbsindən təxminən bir həftə əvvəl etnoqraf öz kanalında Kabildəki Gholghola qalereyasından fotolar paylaşıb. O, sənətdən və zərgərlikdən, eləcə də qablardan “bir şey götürmək” təklifi ilə bir yazı yerləşdirib.

Alim iyulun 18-də Kabildən Kunduza yola düşüb.

Kaverin “Taliban” hakimiyyətə gələnə qədər və sonra bir neçə dəfə Əfqanıstanda olub. 2020-ci ildə Lenta.ru-ya verdiyi müsahibədə o, Rusiya Dövlət Humanitar Universitetində ənənəvi əfqan baş geyimi olan pakol haqqında dissertasiya yazdığını və Əfqanıstanda rus dilini öyrətmək istədiyini, bunun da orada daha çox vaxt keçirməsinə imkan yaradacağını bildirib.