Hindistan 12-13 yanvar il tarixlərində “Qlobal Cənubun səsi” adlı xüsusi virtual sammitə ev sahibliyi edəcək.
Hafta.az-ın yazdığına görə, Zirvə toplantısı Qlobal Cənub ölkələrini öz perspektivlərini və prioritetlərini ümumi platformada bölüşmək üçün bir araya gətirəcək. Məlumata görə 120-dən çox ölkə sammitdə iştiraka dəvət olunub.

Sammit çərçivəsində 10 sessiyanın keçirilməsi nəzərdə tutulub. Dörd sessiya yanvarın 12-də, altı sessiya isə yanvarın 13-də keçiriləcək. Hər sessiyada 10-20 ölkədən liderlərin və ya nazirlərin iştirakı gözlənilir.
Açılış və yekun iclaslar Baş nazir Narendra Modinin sədrliyi ilə dövlət və hökumət başçıları səviyyəsində keçiriləcək. Açılış sessiyasının mövzusu “Qlobal Cənubun səsi – İnsan Mərkəzli İnkişaf Naminə”, yekun sessiyanın mövzusu isə “Bir səs – bir məqsəd” olacaq.
Bundan əlavə, nazirlərin aşağıdakı mövzularda səkkiz sessiyası keçiriləcək:
- “İnsan Mərkəzli İnkişafın Maliyyələşdirilməsi” mövzusunda maliyyə nazirlərinin iclası;
- Ətraf mühit nazirlərinin “Ətraf Mühitə Uyğun Həyat Tərzi (LiFE) ilə Artımın Balanslaşdırılması” mövzusunda sessiyası;
- “Qlobal Cənubun Prioritetləri – Əlverişli Mühitin Təmin Edilməsi” mövzusunda xarici işlər nazirlərinin sessiyası;
- Energetika nazirlərinin “Enerji Təhlükəsizliyi və İnkişaf – Rifahın Yol Xəritəsi” mövzusunda sessiyası;

- Səhiyyə nazirlərinin “Dayanıqlı Səhiyyə Sistemlərinin Qurulması üçün Əməkdaşlıq” mövzusunda iclası;
- “İnsan Resurslarının İnkişafı və Potensialın Artırılması” mövzusunda təhsil nazirlərinin sessiyası;
- Ticarət nazirlərinin “Qlobal Cənubda Sinerjinin İnkişafı – Ticarət, Texnologiya, Turizm və Resurslar” mövzusunda sessiyası;
- “G-20: Hindistanın Sədrliyi üçün Təkliflər” mövzusunda xarici işlər nazirlərinin sessiyası.
Xatırladaq ki, “Qlobal Cənub” anlayışı ölkələrin sosial-iqtisadi və siyasi xüsusiyyətlərinə görə qruplaşmasını təsvir etmək üçün istifadə olunur. “Qlobal Cənub” Latın Amerikası, Asiya, Afrika və Okeaniyadakı bölgələrə istinad etmək üçün tez-tez istifadə olunan termindir.