Ramiz Mehdiyev çoxpartiyalı sistemin inkişafına da maneələr yaradıb - Deputat

13:15 22.10.2025 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Ramiz Mehdiyevin həbsi, əslində, illərlə kölgədə qalan və dövlətin içində “öz dövlətini” yaratmağa çalışan sabotajçı sistemin çökməsi deməkdir. Bu hadisə bir daha sübut edir ki, Azərbaycan dövləti ona daxildən zərbə vurmağa çalışan heç bir qüvvəni - istər keçmiş məmur, istərsə də “intellektual” ad altında gizlənən siyasətbazları cəzasız qoymayacaq. Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan sistemli islahatlar və şəffaf idarəetmə siyasəti fonunda bu cür təxribatçı elementlərin ifşası dövlətin siyasi immunitetini daha da gücləndirir".

Bunu Hafta.az-a Milli Məclisin deputatı Elçin Mirzəbəyli Ramiz Mehdievin həbsi ilə müəyyən nüanslara diqqət çəkərkən bildirib.

Deputat qeyd edib ki, R.Mehdiyevin həbsi sadəcə bir şəxsin korrupsiya və sui-istifadə faktlarına, dövlətə xəyanət ittihamlarına görə məsuliyyətə cəlb edilməsi deyil:

“Ramiz Mehdiyev illər boyu dövlət idarəçiliyinin ən yüksək mərtəbəsində dayanaraq, həm siyasi qərarların istiqamətinə, həm də ictimai rəyin formalaşmasına təsir göstərən mürəkkəb sistem qurmuşdu. Onun həbsi illərlə dövlətin içində gizlincə formalaşdırılmış və “beşinci kolon” kimi fəaliyyət göstərən siyasi şəbəkənin ifşası baxımından mühüm əhəmiyyət kəsb edir. 2019-cu ilə qədər, yəni Ramiz Mehdiyevin Prezident Administrasiyasına rəhbərlik etdiyi son illərdə ölkədə qəribə bir mənzərə yaranmışdı. Radikal müxalifət dairələrinin fəaliyyəti media vasitəsilə sistematik şəkildə qabardılır, onların cəmiyyətdəki təsir imkanları süni şəkildə şişirdilirdi. Mitinqlər təşkil olunur, sosial gərginlik ocaqları qəsdən alovlandırılır, dövlətə qarşı məqsədli kampaniyalar aparılır, sabotaj elementləri işə salınırdı. Əsl məqsəd sadə idi: ölkədə sabitlik görüntüsünü pozmaq, “ictimai narazılıq” illüziyası yaratmaq və bunun fonunda hakimiyyətin “idarəolunmazlıq” təəssüratı formalaşdırmaq. Bu isə dövlət daxilində təsir imkanlarını qorumaq, yeni kadr islahatlarının qarşısını almaq".

E.Mirzəbəyli vurğulayıb ki, R.Mehdiyev uzun illər Azərbaycan dövlətinin idarəçilik sistemində bütün müsbət yenilikləri, tərəqqini, yaradıcı təşəbbüskarlığı udan “qara dəlik” rolunu oynayıb:

"O, ölkədə etimadlı siyasi münasibətlərin formalaşmasına, çoxpartiyalı sistemin inkişafına süni maneələr yaradıb. Bunu bacarmayanda isə ölkənin siyasi sisteminin inkişafına xidmət edən bütün addımların formal xarakter daşımasına səy göstərib, islahatçı təşəbbüslərin və real addımların gözdən salınmasına, iflasa uğramasına çalışıb, sistemdənkənar “əyləc” funksiyasını yerinə yetirib”.