“Bir ölkədə bir-birini təkrarlayan iki-üç səhiyyə qurumu olmamalıdır. Zənnimcə, tam olaraq A-dan Z-yə bütün müalicə, yəni xəstələrlə iş TƏBİB-ə verilməlidir. Müalicə TƏBİB-in işidir. Səhiyyə siyasəti isə Səhiyyə nazirliyinin”.
Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Razi Nurullayev bildirib.
Deputat öncə səhiyyə sahəsində qanunvericiliyin yaxşılaşdırılması üçün göstərdikləri səylərə görə xanım spikerə deputat Əhliman Əmiraslanova təşəkkür edib.
“Sevinc hissi ilə qeyd etmək istəyirəm ki, əvvəllər həftədə 20-30 nəfər xəstəliklərin müalicəsinə görə kömək istəyirdisə, indi bu rəqəm 3-4 nəfərdir. Şükürlər olsun ki, ağır ürək əməliyyatları belə sığorta ilə əməliyyat edilir. Minlərlə ürək xəstələri sağlamlığına qovuşub. Digər xəstəliklər də həmçinin. Xeyli müsbət irəliləyişlər var. Çatışmayan məsələlər, problemlər də çoxdur və ümid edirəm ki, qarşılıqlı dialoq əsasında onların da həllinə nail ola biləcəyik. Sığortaya daxil olmayan bir çox xəstəliklərin müalicəsində isə əvəzolunmaz xidmət Heydər Əliyev Fonduna məxsusdur”.
Deputat həmçinin qeyd edib ki, Səhiyyə Nazirliyinin gördüyü işlər çoxdur. Bununla bərabər, səhiyyə siyasətində ciddi axsamalar da var.
“Birincisi, Səhiyyə Nazirliyi və TƏBİB arasında konkret və ikili yanaşmaya heç bir əsas verməyən vəzifə və səlahiyyət bölgüsü təxirəsalınmadan həyata keçirilməlidir. Ikincisi, bütün Azərbaycan bölgələri üzrə səhiyyə siyasəti müəyyənləşməlidir”.