Rəqabət Məcəlləsinin layihəsi uzun illərdən sonra Milli Məclisdə müzakirəyə çıxarılacaq. Belə ki, məsələ parlamentin 2023-cü il üzrə yaz sessiyasının qanunvericilik işləri planına daxil edilib. Layihə əvvəlcə sessiya ərzində Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılacaq.
Qeyd edək ki, Rəqabət Məcəlləsi 2006-cı ildə hazırlanaraq Milli Məclisə təqdim edilib. Qanun layihəsi iki oxunuşdan keçsə də, üçüncü oxunuşda müzakirəyə çıxarılmayıb. Bəs görəsən, düyünə çevrilmiş Rəqabət Məcəlləsi 2023 ildə qəbul emək mümkün olacaqmı?
Məsələni qəzetimizə şərh edən iqtisadçı alim Əli Əlirzayev deyib ki, bu məsələdə millət vəkilləri iradə nümayiş etdirməlidirlər: “Bu sənədin qəbulu iqtisadiyyatın inkişafı üçün olduqca vacibdir. Amma uzun illərdir ki, sənədin qəbulunda maraqlı olmayan qüvvələr bu işi düyünə çeviriblər. Biz bunu inkar edə bilmərik. Çünki bəzi oliqarx məmurlar bu Məcəllənin qəbulunun əleyhinədir. Ona görə də sənədin 2023-cü ildə qəbul olunacağı ilə bağlı konkret fikir bildirmək çətindir. Bu məsələdə millət vəkilləri də iradə və həmrəylik nümayiş etdirməlidirlər. Əks təqdirdə sənədin qəbulu bu il də yubana bilər”.
İqtisadçı alim qeyd edib ki, Azərbaycan bazar iqtisadiyyatı şəraitində yaşayır: “Belə olan şəraitdə rəqabət qabiliyyəti əsas meyar və hədəfdir. Belə bir qanunun qəbul edilməsi ölkə iqtisadiyyatının gələcək inkişafı yolunda əsas təkanverici qüvvə rolunda çıxış edəcək. Rəqabət Məcəlləsi rəqabət qabiliyyətli iqtisadiyyat yolunda ali məqsəddir. İqtisadi artımın davamlı inkişafını təmin etmək istəyiriksə, uzun müddətli rəqabət qabiliyyətli müəssisə, məhsul yaratmalıyıq. Yəni məhsulun, fəaliyyətin rəqabət qabiliyyəti təmin edilməli, sahibkarlar öz məhsullarını satmaq üçün bazar tapmalıdırlar. Bu yolda da onlara Rəqabət Məcəlləsi yardımçı olur. Ona görə də rəqabət qabiliyyəti üzrə prinsiplərin olması mütləq lazımdır. Onun üçün də müasir dövrün tələblərinə cavab verən innovasiyalı, yeni keyfiyyətli məhsul istehsal edilməli, sahibkar üçün stimul yaradılmalı, bazarlar genişləndirilməlidir. Həmçinin burada kadr potensialı da mühüm rol oynayır. Rəqabət mühitində tələblə təklif amili də mühüm əhəmiyyət kəsb edir. Digər məhsulları istehsal edən müəssisələrlə rəqabətə girmək lazımdır. Bu bazar iqtisadiyyatı şəraitində onun diktəsilə edilən bir yarışdır. Rəqabət qabiliyyətinin olması müəssisələrin uzunmüddətli davamlı inkişafına da stimul yaradır, eyni zamanda onun gəlirləri artır. Gəlirlərin artırılması ilə müəssisə yeni-yeni axtarışlara meyl edir, müasir texnologiyalar tətbiq edir, tədqiqatlar aparır. Ona görə də sahibkarlığın inkişafında əsas amil olaraq məhz rəqabət qabiliyyəti çıxış edir. Təbii ki, rəqabət qabiliyyətinin təmin edilməsi üçün hüquqi baza olmalıdır. Bu baza rolunda da məhz Rəqabət Məcəlləsi çıxış edir. Onun əsaslarını, hüquqi və qanunvericilik bazasını yaratmaq, təşkilatı-iqtisadi strukturları təkmilləşdirmək, iqtisadiyyatın inkişafını təmin etmək üçün belə bir Məcəllənin qəbulu nəinki mümkün, hətta vacibdir. Əslində Rəqabət Məcəlləsi çoxdan hazırlanmalı idi, biz bu məsələdə xeyli yubanmışıq”.
Sevinc