COVID-19 pandemiyasının kütləvi yayılmasının qarşısını almaq məqsədilə qoyulan qadağalar gün-gündən aradan qaldırılmaqda davam edir. Bu günlərdə ölkəmizdə hamının çoxdan gözlədiyi qərar qəbul olundu. Söhbət toy adətlərinə bağlı olan xalqımız üçün yad olan, 100-150 nəfərlik qonaq sayı məhdudiyyətindən gedir.
Görəsən, qonaqların sayında məhdudiyyətin aradan qaldırılması restoran sahiblərinin işinə necə təsir edir? Qərar menyuların ucuzlaşmasına səbəb ola bilərmi?
Hafta.az-ın əməkdaşı məsələni araşdırmaq üçün restoranlarla əlaqə saxladı.
Öncə diqqətinizə çatdıraq ki, restoranlar onlar üçün heç də yad olmayan çoxqonaqlı toylara tam hazırdır. Əlaqə saxladığımız hər bir şadlıq evinin əməkdaşı adam sayının çox olmasından məmnunluq duyur, gəlirlərin artdığını dilə gətirir.
"Niel" şadlıq sarayından deyildi ki, say məhdudiyyətinin aradan qaldırılması həm müştərilərə, həm də restoran sahiblərinə xeyir verir: "Adam sayı çoxaldıqca menyular ucuzlaşır. Təbii olaraq bu da toy etmək istəyən hər kəsin, həm də şadlıq evi sahiblərinin ürəyincədir".
"İdeal" şadlıq sarayının məsul əməkdaşı da oxşar fikirlər səsləndirdi. Onun sözlərinə görə, restoranlar yeni qərara çoxdan hazır idi: "Say məhdudiyyətinin aradan qaldırılması sevindirici haldır. Bu, həm qiymətlərin daha da ucuzlaşmasına, həm də müştəri məmnuniyyətinə səbəb oldu".
"Royal" şadlıq sarayından isə bildirildi ki, say məhdudiyyətinin aradan qalxması restoran sahiblərinin uzun müddət gözlədikləri qərar idi. Buna görə də çox sayda adamla keçirilən toyların təşkilinə restoranlar tam hazırdır. Qərarın qiymətlərə təsiri isə yəqin ki, may-iyun aylarından sonra özünü büruzə verəcək. Hazırda edilən toylar 1-2 ay əvvəldən tutulan yerlərə görə təyin olunanlardır:
"Restoranlar həm 150 nəfərlik toy üçün, həm də 500 nəfərlik toy üçün eyni xərci çəkir. Yəni, adam sayından asılı olmayaraq işıq yandırılır, müğənnilər ifa edir, videoçəkiliş aparılır. Masa sayı çox olduğu təqdirdə, tanınmış müğənnilərin toya dəvəti, videoçəkiliş menyuya daxil edilir. 150 nəfərlik toyların təşkili zamanı isə bunların heç biri qiymətlərə daxil deyildi. Hazırda masaların biri 35-37 manatlıqdır. May ayına doğru qiymətlərin daha da endirimli olacağı gözlənilir".
Məhdudiyyətin ləğv olunmasının sahibkarlara təsiri mövzusuna münasibət bildirən iqtisadçı ekspert Natiq Cəfərli söyləyir ki, şadlıq evlərində say məhdudiyyətinin olması 1 yer üçün xərcləri artırmışdı. İndi isə xərclər sabit qalsa da, gəlirlər əvvəlkindən daha çox olacaq:
"Böyükhəcmli restoranlarda kommunal xidmətlər üçün hər iki halda eyni pulu ödəyirlər. Buna görə də say məhdudiyyətinin aradan qaldırılması ilkin olaraq qiymətlərin aşağı düşməsinə şərait yaratmalıdır. Toy edənlər üçün bu amil olduqca sərfəlidir. İndi bu məhdudiyyətlərin tamamilə aradan qaldırılmasının ardından yeni yumşalmaların olacağını da düşünürəm. Çox güman, COVID pasportları ilə bağlı məsələ tamamilə ləğv olunacaq. Yoluxub-sağalananların sayı Azərbaycanda koronavirusa qarşı kollektiv immunitetin yarandığını söyləməyə imkan verir".