Donald Trampın sərt tənqidçisi olan Robert De Niro Kann Film Festivalında çıxışı zamanı prezidentə söz hücumu edərək, “azadlığa əhəmiyyət verən hər kəsi təşkilatlanmağa, etiraz etməyə... səs verməyə” çağırıb.
Hafta.az-ın yazdığına görə, aktyor festivalda "Qızıl Palma budağı"nı qəbul edərkən tamaşaçılara Trampın sənəti hədəf alması barədə xəbərdarlıq edib.
"Biz bir vaxtlar adi şey kimi qəbul etdiyimiz demokratiya uğrunda dişimizlə-dırnağımızla mübarizə aparırıq və bu bizim hamımıza təsir edir. Çünki incəsənət demokratikdir, əhatəlidir, indi olduğu kimi insanları bir araya gətirir, həqiqəti axtarır və müxtəlifliyi əhatə edir" deyən De Niro alqış sədaları altında əlavə edib: “İncəsənət buna görə təhlükədir... Buna görə də biz avtokratlar və faşistlər üçün təhlükəyik”.
Aktyor Vaşinqtonda Kennedi adına Səhnə Sənətləri Mərkəzinə nəzarəti ələ keçirdiyi və xarici filmlərə 100 faiz rüsum tətbiq etməklə hədələdiyi üçün “Amerikanın mədəniyyətsiz prezidenti”nə xüsusi hücum edib.
"Amerikanın mədəniyyətsiz prezidenti özünü bizim aparıcı mədəniyyət müəssisələrimizdən birinə rəhbər təyin etdi" deyib De Niro.
“O, incəsənət, humanitar elmlər və təhsil üçün maliyyə və dəstəyi kəsdi. İndi ABŞ-dan kənarda istehsal olunan filmlərə 100 faiz rüsum tətbiq edəcəyini açıqlayıb. Bu hücumlar qəbuledilməzdir”, De Niro söyləyib.
Aktyor qeyd edib ki, bu təkcə Amerikanın deyil, qlobal problemdir və filmdəki kimi, hamı dayanıb seyr edə bilməz. “Birlikdə hərəkət etməli, elə indi hərəkət etməliyik, özü də zorakılıqla deyil, böyük ehtiras və qətiyyətlə”, - o deyib.