Roma Papasından tarixi qərar: qadınlara səsvermə hüququ verildi

12:28 27.04.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Katoliklərin ruhani lideri və Vatikanın rəhbəri Papa Fransisk növbəti Sinoddan başlayaraq qadınların da səsvermə hüququna malik olmasına qərar verib.

Hafta.az-ın yazdığına görə, Vatikanın bəyanatına görə, Papa Katolik Kilsəsinin mühüm məşvərət orqanlarından biri olan, dünyanın hər yerindən yepiskopların müəyyən məsələlərin həlli üçün vaxtaşırı bir araya gəldiyi Yepiskoplar Məclisinin idarəçiliyi ilə bağlı normalarda bəzi dəyişiklikləri təsdiqləyib. Həmin düzəlişlə yepiskop olmayanlara da səsvermə hüququ verilib.

Bunda ən diqqətçəkən dəyişiklik, yepiskop olmayanlara, xüsusən də qadın üzvlərə indiyədək yalnız yepiskopların səs verə bildiyi Sinodda səsvermə hüququnun verilməsi idi.

İtaliya mətbuatında bu dəyişikliklərin Vatikan üçün "tarixi dönüş nöqtəsi" və "Katolik Kilsəsində görünməmiş bir yenilik" olduğu bildirilib.

Mediada çıxan xəbərlərdə, yarısının qadın olması şərti ilə Sinodda daha 70 yepiskop təyin ediləcəyi və bu şəxslərin də səsvermə hüququna malik olacağı qeyd edilib. Buna görə təxminən 370 üzvdən ibarət olacaq Sinodda, səsvermə hüququna malik qadınların 6-sı kilsə daxilindən və 35-i yeni təyin olunmuş qadınlar arasından seçilməklə ümumilikdə 41 qadının olacağı gözlənilir. Beləliklə, oktyabrda toplanması planlaşdırılan növbəti Sinodda səs hüququ olan qadınların təmsilçiliyi 10 faiz civarında olacaq.

Sinodun təşkilatçılarından olan kardinal Jean Klaude Holleriç mətbuata açıqlamasında "Bu, mühüm dəyişiklikdir, lakin inqilab deyil" deyib.

Xatırladaq ki, Papa Fransisk daha əvvəl qadınların Vatikan dövlətinin administrasiyasında yüksək vəzifələr tutmasını təmin etmək üçün addımlar atmışdı.

Siyasət rubrikasından digər xəbərlər