Yazını böyüt
Yazını kiçilt
Rumıniyanın Yassı şəhərindəki Aleksandr Yoan Cuza Universitetinin nəzdində fəaliyyət göstərən Multikultural Mərkəzin tərəfdaşlığı ilə, Azərbaycan Dillər Universitində yaradılan Rumıniya Dili və Mədəniyyəti Mərkəzi Vətən müharibəsinə həsr olunmuş beynəlxalq vebinar təşkil edib.
Hafta.az-ın yazdığına görə, vebinar vasitəsilə hər iki tərəfdən olan tələbələr Vətən müharibəsi haqqında daha çox məlumat əldə edə biliblər.

Yassı Multikultural Mərkəzinin rəhbəri, professor Ludmila Bejenaru vebinarda münaqişənin tarixi haqqında qısa və çox maraqlı məlumatlarla çıxış edib.
Görüşün qonaqları, 1-ci Qarabağ müharibəsi iştirakçısı, ehtiyatda olan zabit, İslahatlara Dəstək Mərkəzinin sədri Elçin Axundzadə, Dövlət Gömrük Komitəsi yanında İctimai Şuranın sədr müavini, Lənkəran Dövlət Universitetinin sosial məsələlər üzrə prorektoru Kamran Kazımov, Vətən müharibəsi şəhidi Vüsal Kazımovun atası münaqişə haqqında öz görüşlərini bölüşüblər.
44 gunluk Vətən müharibəsi zamanı şəhid olan Vüsal Kazımovun atası iştirakçılarla öz yeganə oğlunun xatirələrini bölüşüb. Bildirib ki, övladı vətən uğrunda şəhid olub və onun ölümü noyabrın 10-da qazanılan böyük qələbənin bir hissəsi oldu.

Azərbaycanlı tələbələr Gülşən Atakişiyeva və Seda Məmmədli 44 günlük müharibə, eləcə də Gəncə şəhərinə raket hücumu nəticəsində baş verən dağıntılar, 1992-ci ildə Xocalı şəhərində törədilən soyqırım haqqında fikir və duyğularını bölüşüblər.
Rumıniya Dili və Mədəniyyəti Mərkəzinin direktoru Jozefina Blazsani-Batto öz çıxışında 8 noyabr 2020-ci il tarixində Şusanın erməni işğalından azad edilməsi xəbərini eşidərkən yaşadığı sevinci iştirakçılarla bölüşüb. Bildirib ki, Azərbaycan Prezidentinin 2 dekabr 2020-ci il tarixli fərmanı ilə 8 noyabr Azərbaycanın dövlət bayramıdır. Məhz bu tarix Azərbaycanın öz torpaqlarını azad etmək üçün başlatdığı haqq savaşında qalib olduğunu dünyaya göstərir.