Rusiya hərbçiləri Kəlbəcərin 1400 erməni yaşayan kəndinə “yardım” göstərdi... – FOTO

14:05 13.07.2021 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın Yuxarı Qarabağdakı “sülhməramlı” adlanan missiyasının xüsusi tibbi dəstəsinin hərbi həkimləri və Xankəndindəki Humanitar Reaksiya Mərkəzinin zabitləri Azərbaycan Respublikası Kəlbəcər rayonunun Vəng kəndindəki ermənilər üçün humanitar və tibbi aksiya keçiriblər.

Hafta.az xəbər verir ki, bu haqda məlumat Rusiya Müdafiə Nazirliyinin(MN) rəsmi saytında yayılıb. 

“Kəndimizdə təxminən 1400 sakin, 160 köçkün (söhbət 44 günlük müzəffər savaşımızdan sonra Azərbaycan ordusunun nəzarətinə keçmiş məntəqələrdən köçmüş ermənilərdən gedir-S.L.) var. Xəstəxanamızda, demək olar ki, həkim yoxdur, yalnız tibb bacıları çalışır. Kifayət qədər ixtisaslı həkim yoxdur. Köməklərinə görə sülhməramlılara təşəkkür edirəm” – Vəng kəndinin qanunsuz icra nümayəndəsinin müavini Sergey Baqramyan belə deyib.

Xüsusi dəstənin həkimləri təyinat zamanı kənd sakinlərinə məsləhətlər verib və ixtisaslı tibbi yardım göstəriblər.

Humanitar Reaksiya Mərkəzinin əməkdaşları Rusiyadakı QHT-lərin topladığı maliyyə  hesabına alınmış təxminən 2 ton dərmanı yerli kənd xəstəxanasına çatdırıblar. Bundan əlavə, çoxuşaqlı ailələrə qida dəstləri, əsas ehtiyac ləvazimatları, isti yemək və oyuncaqlar paylanıb. Humanitar aksiya çərçivəsində Vəng kəndinə ümumilikdə 4 tondan çox yük daşınıb.

Qeyd edək ki, Rusiya MN-in rəsmi saytında Kəlbəcər rayonunun sözügedən Vəng kəndi separatçı erməni rejiminin qanunsuz inzibati bölgüsünə uyğun olaraq  “Mardakert rayonunun Vəng kəndi” kimi təqdim edilib.

Xatırladaq ki, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil olan Ağdərə rayonu Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli Qərarına əsasən ləğv edilib. Rayonun ərazisi inzibati-hüquqi cəhətdən Tərtər, Ağdam və Kəlbəcər rayonları arasında bölünüb. Həmin bölgüyə əsasən bəhs edilən Vəng kəndi Kəlbəcər rayonuna daxil edilib.