Fevralın 24-də Rusiya prezidenti Putinin göstərişi ilə Ukraynada başlayan müharibə davam edərkən dünyanı narahat edən yeni görüntülər gəlib. Rusiyanın Finlandiyaya NATO ilə bağlı xəbərdarlığından bir neçə saat sonra görüntülərdə onun bölgəyə hərbi texnikalar göndərdiyi aşkarlanıb.
Hafta.az xəbər verir ki, NATO-nun baş katibi Stoltenberq Finlandiya və İsveçi NATO-ya qəbul edə biləcəklərini bəyan etdikdən sonra Rusiyadan dünyanı narahat edən görüntü gəlib.
Kremlin sözçüsü Dmitri Peskov NATO-da mümkün iştirakın Rusiyanın təxribatı kimi qiymətləndiriləcəyi xəbərdarlığından bir neçə saat sonra Rusiyanın şimal qonşusunun sərhədinə qoşun yeritməsinin görüntüləri yayılıb.
Rusiyanın sərhədə yaxın bir bölgəsində çəkildiyi bildirilən görüntülərdə Finlandiyanın paytaxtı Helsinkini göstərən işarələrin olması diqqətdən yayınmayıb.
Sözügedən görüntülərdə raket sistemləri də daxil olmaqla Rusiyaya məxsus ağır silahların Finlandiya sərhədinə doğru irəlilədiyi görülüb.
İngilis Daily Mail qəzetində dərc olunan və sosial mediada yayımlanan görüntülərə əsaslanaraq, xəbərlərdə konvoyda K-300P Bastion-P mobil sahil müdafiə sistemi də yer alır.
Rusiya uzun müddətdir qonşusu Finlandiyaya və digər şimal ölkəsi İsveçə NATO-ya üzv olmamaq barədə xəbərdarlıq edib. Lakin Moskvanın Putinin göstərişi ilə Ukraynada başlayan müharibədən sonra planı, belə demək mümkünsə, əks nəticə verdi.
Son rəy sorğularına görə, Finlandiyada hər 100 nəfərdən 84-ü Rusiyanı "əhəmiyyətli hərbi təhlükə" kimi görür. Keçən il, Ukrayna böhranından əvvəl bu göstərici cəmi 25 faiz idi.
İsveçdə də vəziyyət fərqli deyil. İllərdir “neytrallıq” modelini həyata keçirən ölkədə NATO səsləri getdikcə ucalır. Bildirilir ki, İsveç ölkədəki müxalifət partiyalarının dəstəyindən sonra üzvlüyə əvvəlkindən daha yaxındır.
Hazırda Ukraynanın NATO-ya üzvlüyünə qarşı olan Rusiya üçün hərbi ekspertlərin fikrincə, digər qonşu Finlandiyanın üzvlüyü ən pis ssenarilərdən biridir.
Neytrallığını bəyan edən dövlət bir ölkənin digər ölkələr arasında hərbi münaqişəsinə qarışmamağı öhdəsinə götürür. Aİ-nin üzvü olan, lakin NATO-nun üzvü olmayan İsveç və Avstriya kimi ölkələr bu statusu illərdir qoruyub saxlayırlar.
NATO rəsmiləri hesab edirlər ki, Skandinaviya ölkələri üzvlük meyarlarının əksəriyyətinə artıq cavab verdikləri üçün onların alyansa qəbulu nisbətən sadə olacaq. Türkiyənin də üzvü olduğu NATO 1947-ci ildə İkinci Dünya Müharibəsindən sonra Sovet İttifaqı ilə mümkün münaqişəyə qarşı yaradılıb.