Rusiyaya pandemiya və rublun ucuzlaşması ilə başlayan mühacir axını Crocus City Hall-a terror hücumundan sonra xeyli sürətlənib.
Hafta.az-ın “Moskovskiy Komsomolets” qəzetinə istinadən yazdığına görə, Rusiyadakı mühacirlərin həyatı bir daha heç vaxt əvvəlki kimi olmayacaq.
Qəzet yazıb ki, ictimaiyyət, eləcə də Əmək Nazirliyi və polis mühacirlərə mənfi münasibət bəsləyir. Buna görə də hadisələr səbəbiylə çaxnaşma yaşayan immiqrantlar dəstə-dəstə ölkələrinə qayıdırlar.
Qəzetin çatdığı Tacikistan Əmək Nazirliyinin rəsmiləri də öz vətəndaşlarından təhdid və təhqir olunduqlarına dair çoxlu şikayətlər aldıqlarını bildiriblər.
“Moskovskiy Komsomolets”ə danışan Siyasi Texnologiyalar Mərkəzinin eksperti Nikita Maslennikov Rusiyada mühacir fobinin artdığını və bu fobiyanın polisdən çox cəmiyyətdən qaynaqlandığını bildirib. Bununla belə, Maslennikov bu fikirdədir ki, gedən mühacirlərin bir qismi yayda yenidən tikinti başlayanda geri qayıdacaq. Bununla belə, Maslennikov xəbərdarlıq edir ki, işəgötürənlər bu mühacirləri razı salmaq üçün daha çox pul xərcləməli olacaqlar.
Nikita Maslennikov həmçinin bəyan edib ki, Rusiya vətəndaşları üçün gedən mühacirlərin yaratdığı boşluğu tam doldurmaq çətindir. Maslennikov bu fikirdədir ki, Rusiyanın əksəriyyəti təqaüdçülərdən ibarət ehtiyat işçi qüvvəsinin tikinti və bələdiyyə sektorunda mühacirləri əvəz etməsi mümkün deyil.
Ekspert bəyan edib ki, inflyasiyaya səbəb olacaq işçi çatışmazlığı probleminin qarşısını almaq üçün şirkətlər maaşları artırmalı olacaqlar. Onun fikrincə, tikinti və JKH (bələdiyyə idarəsi) kimi sektorlarda yeganə real çıxış yolu istehsalın modernləşdirilməsi və əmək məhsuldarlığının artırılmasıdır.
Bu arada, prezident Vladimir Putin dünən Daxili İşlər Nazirliyinə göstəriş verib ki, mühacirlərə münasibəti kökündən dəyişsinlər. Çünki Rusiyada anti-İslam abhava yaratmaq, mühacirlərə münasibəti kəskinləşdirmək və beləliklə Mərkəzi Asiya respublikaları ilə əlaqələrə zərər vermək məqsədilə düşmən ssenarisi əsasında planlar icra olunur. Tarixən çoxmillətli və çoxdinli ölkə olan Rusiya bu səhvi edə bilməz.