Rusiya “sülhməramlı”larının missiyalarından kənara çıxmasının qarşısı alınmalıdır - Etibar Məmmədov

19:36 25.04.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

“Moskvanın imkanları olsaydı, bu günədək Qarabağdakı proseslərin Azərbaycanın xeyrinə getməməsi üçün çox işlər görərdi. Amma yaxşı ki,  mövcud durumda Rusiya hakimiyyətinin bunun üçün o qədər də geniş imkanları yoxdur. Bu gün də belə bir gücləri yoxdur, sabah və ya o biri gün də olacağı hələ böyük sual altındadır”.

Bunu hafta.az-a açıqlamasında Milli Istiqlal Partiyasının lideri Etibar Məmmədov “Yəqin ki, Moskva Ermənistanla sərhəddə -Laçın-Xankəndi yolunun girişində sərhəd-buraxılış məntəqəmizin yaradımasından sonra da Yuxarı Qarabağın qalan ərazilərinin Azərbaycanın yurusdiksiyasına qaytarılmasına mane olmağa çalışacaq. Bunun qarşısını almaq üçün hansı tədbirləri görməliyik” sualını cavablandırarkən söyləyib.

“Ancaq Kremldəkilər unutmamalıdırlar ki, bura Azərbaycanın suveren ərazisidir və Azərbaycan dövləti  Rusiyanın sülhməramlı hesab olunan hərbi kontingentinə 5 illik müddətinə icazə verib ki,  iki ölkə arasında və bölgədə sülhün bərqərar olması naminə Qarabağda müvəqqəti fəaliyyət göstərsinlər. Yəni sülhyaratma missiyası həyata keçirsinlər. Lakin təəssüf ki, əvvəllər də qeyd etdiyimiz kimi, Rusiya hərbçiləri öz missiyalarından kənara çıxaraq  Azərbaycan torpaqlarında ermənilərin yenidən qeyri-qanuni məskunlaşdırılması, tikinti, humanitar yardım və s. işlərlə məşğul olurlar. Bunun qarşısı əlbəttə ki, alınmalıdır” -açıqlamasının davamında belə deyən həmsöhbətimiz bundan sonra “sülhməramlı”ların da fəaliyyətinə ciddi nəzarət olunmasını zəruri hesab edir.

“Artıq lazımi tədbirlər görülməlidir ki, 5 illik müddət bitdikdən sonra Rusiyanın “sülhməramlı” adlanan hərbi kontingentinin torpaqlarımızda mövcudluğuna heç bir ehtiyac qalmasın. Həmin tədbirlərdən biri də ondan ibarətdir ki,  Laçın rayonunun Ermənistanla sərhəd hissəsində, yəni Gorus-Laçın-Xankəndi yolu üzərində Azərbaycanın sərhəd-buraxılış məntəqəsi yaradıldıqdan sonra oradan həm ermənilərin, həm də Rusiya hərbçilərinin gediş-gəlişi Azərbaycanın qanunlarına uyğun müəyyən çərçivəyə salınmalıdır. Və bundan sonra Qarabağdakı ermənilər qarşısında bir vəzifə duracaq ki, artıq özləri qərar versinlər; onlar  Azərbaycanın sərhəd-keçid məntəqəsindən keçib getmək istəyirlərsə, əllərində ya Ermənistanın, ya da Azərbaycanın şəxsiyyət vəsiqəsi olmalıdır. Yəni “Dağlıq Qarabağ” dövlət deyil, onun hazırlatdığı heç bir sənəd də keçərli deyil.  Kim  Ermənistan vətəndaşlığını qəbul etmək istəyirsə, Ermənistan pasportu alıb çıxıb gedə bilər və  sonra müvəqqəti şəkildə gəlib Qarabağdakı qohum-əqrəbasına baş çəkə bilər. Və yaxud  Azərbaycan vətəndaşlığını qəbul edərək Azərbaycan vətəndaşı kimi başqa ölkələrə, o cümlədən Ermənistana bizim qanunvericiliyinə uyğun qaydalarla  gedib-gələ bilərlər”- deyə partiya lideri vurğulayıb.

Siyasət rubrikasından digər xəbərlər