Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsinin səkkizinci ayında Rusiya Forbes jurnalının ilk 15-liyinə daxil olan milyarder Yuri Milner Rusiya vətəndaşlığından imtina etdiyini açıqlayıb.
Hafta.az bildirir ki, bu barədə o, Twitter-də yazıb.
"Mən və ailəm 2014-cü ildə, Krımın Rusiya tərəfindən ilhaqından sonra Rusiyanı həmişəlik tərk etdik. Bu yay isə biz Rusiya vətəndaşlığından çıxmaq prosesini rəsmən başa çatdırdıq", - milyarder yazıb.
Milner Mail.Ru Group internet şirkətinin həmtəsisçisi və keçmiş sədri, həmçinin DST Global investisiya şirkətinin təsisçisidir.
O, Byju's, Facebook, Wish və bir çox başqa şirkətlərə sərmayə qoyub. 2011-ci ildə DST Global Twitter-də böyük bir pay alıb. Milner israr edir ki, o, 2014-cü ildən Rusiyada olmayıb, onun ərazisində heç bir əmlakı yoxdur və hələ 1999-cu ildə İsrail vətəndaşlığını alıb.
Rusiya vətəndaşlığından imtina edən milyarderlər:
2022-ci ilin yazında bir sıra rusiyalı milyarderlər Rusiya Federasiyasının vətəndaşı sayılmaq istəmədiklərini, o cümlədən bunun sanksiyalara səbəb ola biləcəyini açıqladılar.
Rusiya vətəndaşlığından imtina edənlərin siyahısına Telegram-ın yaradıcısı Pavel Durov, mobil oyunlar inkişaf etdirmə şirkəti Playrix-in həmtəsisçisi İqor Buxman, neft biznesmeni Yevgeni Şvidler və Revolut rəqəmsal bankının həmtəsisçisi Nik Storonski daxildir. Onların hamısının başqa dövlətlərin vətəndaşlığı var.