Rusiyada inflyasiya dərinləşir

09:21 23.07.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya Mərkəzi Bankının keçirdiyi sorğuya əsasən, iyul ayında ictimai inflyasiya gözləntiləri artmaqda davam edir. İyunda 11,9 faiz olan gözləntilər iyulda 12,4 faizə yüksəldi.

Hafta.az-ın yazdığına görə, sorğunun nəticələrinə əsasən, rusların ümumiyyətlə qiymətlərin azalacağına ümidləri yoxdur, hətta tərəvəz yığımı mövsümündə də qiymətlərin aşağı düşməyəcəyi düşünülür. Normalda yay aylarında azalan inflyasiya bu il əksinə, artım tendensiyası nümayiş etdirir.

“Kommersant”a danışan iqtisadi analitik Mixail Belyayev illik inflyasiyanın 10 faizdən aşağı düşməyəcəyini proqnozlaşdırır. Rusiyada qiymətlərin sürətlə artmasının əsas səbəblərindən biri kimi bazarda rəqabətin olmamasına işarə edən Belyayev inhisarçı şirkətlərin qiymətləri istədikləri kimi artırdıqlarını bildirir.

Rosstat-ın məlumatına görə, yanvardan bu yana qiymətlər 3,88 faiz artıb və illik inflyasiya 9,2 faizə çatıb.

Mərkəzi Bankın inflyasiyanın qarşısını almaq üçün pul siyasətini sərtləşdirmək qərarı hələ də öz həllini tapmayıb. Mərkəzi Bankın İdarə Heyətinin iyulun 26-da keçiriləcək iclasında faiz artımının qaçılmaz olduğu vurğulanır. İndiki 16 faizlik faiz dərəcəsinin nə qədər artırılacağı maraq doğurur. Bəzi ekspertlər faiz dərəcəsinin 20 faizə qədər artırılmasını müdafiə edərək qiymətlərə güclü zərbə vurulmalı olduğunu müdafiə edirlər.

Sorğunun nəticələrinə görə, pula qənaət etməyən rusların inflyasiya gözləntiləri 14,5 faiz, bacaranlar üçün isə bu nisbət 10,3 faiz təşkil edir. Lakin heç bir rusiyalı 2024-cü ilin sonuna qədər inflyasiyanın birrəqəmli olacağına inanmır. Bu, ictimaiyyətin gözləntiləri ilə Mərkəzi Bankın proqnozları arasında böyük uçurum olduğunu göstərir. İlin sonuna kimi bu debatın necə yekunlaşacağı səbirsizliklə gözlənilir.