Rusiyada spirt aludəçilərinin sayı artmağa başlayıb

09:33 16.01.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyada son on ildə ilk dəfə olaraq alkoqol asılılığı diaqnozu qoyulan halların sayı artıb.

Hafta.az-ın Federal Statistika Agentliyi “Rosstat” tərəfindən dərc edilən məlumatlara istinadən yazdığına görə, 2010-cu ildən 2021-ci ilə qədər yeni diaqnoz qoyulan alkoqol asılılığı xəstələrinin sayı demək olar ki, yarıbayarı azalaraq 100 mindən 53 min nəfərə düşüb.

Ancaq 2022-ci ildə bu rəqəm yenidən artaraq 54200 xəstəyə yüksəlib.

Mütəxəssislər alkoqol asılılığının yenidən artmasına səbəb kimi pandemiya, sosial-iqtisadi təlatüm və “geosiyasi münaqişələrin intensivləşməsini” göstərirlər.

Səhiyyə Nazirliyi 2022-ci ilin sonuna qədər kənd yerlərində alkoqoldan asılılıq sindromu olan rusların sayının il ərzində 7 faiz artdığını, eləcə də kənd sakinlərinin alkoqoldan ölüm nisbətinin də yüksəldiyini bildirib.

Eyni zamanda, 2008-ci ildən 2021-ci ilə qədər Rusiyada ümumi spirt istehlakı ildə adambaşına 15,7 litrdən 9 litrə enib və bu dövrdə spirtli içkilərdən ölüm halları kişilər üçün 39 faiz, qadınlar üçün 36 faiz azalıb.

2023-cü ilin sonunda hökumət 2030-cu ilə qədər alkoqol istehlakının azaldılması konsepsiyasını təsdiqləyib. Bu kontekstdə Rusiyada 2023-cü ildə bir sakinə görə spirt istehlakının 8,9 litr etanoldan 2030-cu ildə 7,8 litr etanola endirilməsi planlaşdırılır.

Səhiyyə Nazirliyi 2021-ci ildə adambaşına spirt istehlakının 8,8 litrə düşdüyünü, lakin son illər yenidən yüksəlməyə başladığını qeyd edib. Xüsusilə də 2022-ci ildə Ukraynaya qarşı hərbi əməliyyatın başlaması ilə narahatlıq səviyyəsi yenidən artıb.

FOM araşdırmasının nəticələrinə görə, ruslar arasında narahatlıq səviyyəsi səfərbərliyin elan edildiyi 2022-ci ilin oktyabrında rekord səviyyəyə - 70 faizə çatıb.

FinExpertiza ekspertləri yazır ki, yüksək dozalı spirtli içkilərin satışı 2022-ci ildə 7,5 faiz artsa da (2021-ci ildə 1,2 faiz və 2020-ci ildə 3,3 faiz ilə müqayisədə), bədbinlik rusların alkoqol istehlakında növbəti artımın katalizatoru ola bilər.