2024-cü ilin birinci yarısında rus turistlərin Türkiyəyə səfəri rekord il olan 2019-cu ilin səviyyəsinə yaxınlaşıb.
Hafta.az-ın yazdığına görə, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin açıqladığı məlumatda bildirilir ki, bu ilin ilk altı ayında Rusiyadan Türkiyəyə 2,6 milyon turist səfər edib. Bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 3 faiz çoxdur və 2019-cu ilin eyni dövründəki 2,7 milyon ziyarət səviyyəsinə çox yaxındır.
2022-ci ilin yanvar-iyun dövründə rusiyalı turistlər Türkiyəyə 1,4 milyon səfər edib. Pandemiya səbəbindən beynəlxalq uçuşların məhdudlaşdırıldığı 2021 və 2020-ci illərdə bu rəqəmlər müvafiq olaraq 746,7 min və 322 min olaraq qeydə alınıb. Rusiyalı turistlər Türkiyəyə ən çox səfər edən ölkələr arasında birinci olarkən, Almaniya, İngiltərə, İran və Bolqarıstan da ilk beş ölkə arasındadır.
Türkiyəyə gələn xarici ziyarətçilərin ümumi sayı ilin birinci yarısında 10 faiz artaraq 21,6 milyona çatıb. Ən çox ziyarət edilən şəhərlər arasında İstanbul 8,5 milyon ziyarətçi ilə birinci, Antalya isə 5,8 milyon ziyarətçi ilə ikinci yerdədir. 2024-cü ilin iyun ayında rusiyalı turistlər Türkiyəyə 871,6 min səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6 faiz artım deməkdir.
Rusiya Tur Operatorları Assosiasiyasının (ATOR) vitse-prezidenti Artur Muradyanın sözlərinə görə, Türkiyəyə səfərlərin sayı hələ pandemiyadan əvvəlki səviyyəyə çatmayıb. Bunun əsas səbəbi aviabiletlərin qiymətinin və valyuta məzənnələrinin artmasıdır. Orta hesabla, 2019-cu illə müqayisədə Türkiyəyə gedişhaqqı rublla 50-60 faiz artıb. Bəzi hallarda bu artım 80 faizə qədər ola bilər. Lakin xarici valyutada qiymət artımı 30 faizlə məhdudlaşdırılıb.
Rusiya Turizm Sənayesi Assosiasiyasının (RST) sədr müavini Dmitri Qorin də inflyasiyanın və valyuta məzənnələrinin artmasının tələbi qismən boğduğunu etiraf edir. “Rusiya turistlərinin Türkiyəyə səyahəti 2019-cu il səviyyəsinə çatmadı, bunun səbəbi əsasən yaşayış xərclərinin, valyuta məzənnəsinin və tətil xərclərinin artmasıdır”. Qorin həmçinin əlavə edib ki, Türkiyə turizm sektorunda digər destinasiyalarla rəqabət artıb və rus turistlər Misir, Kuba, Tailand, Şri Lanka və Birləşmiş Ərəb Əmirlikləri kimi alternativ istirahət yerlərinə üstünlük verməyə başlayıblar.