Ukrayna böhranından sonra bir çox beynəlxalq təşkilatlardan kənarlaşdırılan Rusiyanın Beynəlxalq Polis Assosiasiyasından çıxarılması istənilsə də, səsvermə nəticəsiz qalıb.
Hafta.az-ın yazdığına görə, Afinada Ümumrusiya Polis Assosiasiyası İPA nümayəndələrinin iştirakı ilə Beynəlxalq Polis Assosiasiyasının 66-cı Konqresi keçirilib. Polşa və onu dəstəkləyən bəzi Qərb dövlətlərinin Rusiyanın təşkilatdan çıxarılması tələbi açıq səsverməyə çıxarılıb.
IPA nümayəndələrinin iştirak etdiyi səsvermədə 60 dövlət nümayəndəsindən 49-u Rusiya Federasiyasının təşkilata üzvlüyünün davam etdirilməsinin lehinə səs verdiyi üçün Polşanın qərarı rədd edilib.
TASS-ın yazdığına görə, Rusiya Beynəlxalq Polis Assosiasiyasında təmsilolunma müddətini daha bir il uzadıb.
2022-ci ildə İspaniyada keçirilən sonuncu Konqresdə Ukrayna, Belçika və Hollandiya oxşar təkliflə çıxış edib, lakin əksəriyyət yenə buna qarşı çıxıb.
Bundan əlavə, hazırkı iclasda Qırğızıstan IPA sıralarına tamhüquqlu üzv qəbul edilib.
Beynəlxalq Polis Assosiasiyası transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə üzrə beynəlxalq səylərin əlaqələndirilməsində mühüm element rolunu oynayır.