Rusiyanın “3+3” hədəfləri

12:56 08.11.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Rusiya tərəfindən mütəmadi olaraq “Biz Azərbaycan və Türkiyə prezidentləri tərəfindən irəli sürülmüş 3+3 regional məşvərət mexanizmini yaratmaq fikrini dəstəkləyirik”- bəyanatları səsləndirilir.

Ekspertlər 8 avqust 2008-ci ildə Gürcüstanın Abxaziya və Cənubi Osetiya ərazilərinin Rusiya tərəfindən işğal edilməsinə diqqət çəkərək Rusiyanın regionla bağlı niyyətinin təmiz olmasına şübhə nümayiş etdirir. Maraqlıdır, Gürcüstan “6-lıq formatı” ideyasına hansı halda qoşula bilər?

Bu barədə hafta.az-a danışan politoloq Samir Hümbətov bildirib ki, Gürcüstan tərəfi Rusiya ilə hansısa platformada iştirak etmək niyyətində olmadığını hər fürsətdə dilə gətirir. Digər tərəfdən Gürcüstanın daha çox qərblə, xüsusilə də ABŞ-la yaxınlaşmaq niyyəti “6-lıq” platformada Gürcüstan və Rusiyanın birgə olması məsələsini şübhə altında qoyur.

“18 oktyabr 2021-ci ildə Gürcüstanda səfərdə olmuş ABŞ-ın müdafiə naziri Lloyd Austin Gücrcüstan müdafiə naziri Cuanşer Burçuladze ilə görüşüb. Bu görüşdən sonra təşkil edilmiş mətbuat konfransında çıxışı zamanı ABŞ müdafiə naziri “altılıq platforması”nın yaradılması məsələsinə münasibət bildirərkən deyib ki, “Yaxşı olardı ki, Rusiya hər hansı yeni platforma haqqında danışmazdan əvvəl 2008-ci il atəşkəs razılaşmasının öhdəliklərinə riayət etsin”. Fikrimcə, ABŞ müdafiə nazirinin bu açıqlaması ABŞ-ın altılıq platforma ilə bağlı mövqeyini tam şəkildə ortaya qoymuş oldu”.

Poitoloq Rusiyanın bu platformanın yaradılmasında bu qədər maraqlı olmasını bir çox nüansla əlaqəlləndirib. Onun fikrincə, burda Rusiyanın bir neçə hədəfi var.

“Rusiya Gürcüstanla iqtisadi əməkdaşlığı gücləndirməklə aralarındakı konflikti unutdurmaq və onu təsir dairəsində saxlamaq istəyir. Gürcüstanı öz yanında görməklə ABŞ və Avropa dövlətlərinin regiondan mümkün qədər məsafəli saxlamaq niyyətini güdür.  Eləcə də, Rusiya uzun illərdir Qərbdən özünə qarşı tətbiq edilmiş sanksiyaların təsirini bu platforma vasitəsi ilə qurulacaq iqtisadi əməkdaşlıqla aradan qaldırmaq və təkcə Cənubi Qafqaz dövlətləri ilə deyil, eyni zamanda Türkiyə və İranla əməkdaşlığı gücləndirməklə ticarət-iqtisadi şəbəkəsini möhkəmləndirmək və s niyyətini güdür. Digər tərəfdən, Ukrayna məsələsi hələdə gərgin olaraq qalır və demək olar ki, gərginlik hər gün daha da artmaqdadır. Ona görə də Rusiya ikinci belə böyük münaqişədən yan keçməyə çalışır”.

S.Hümbətov hesab edir ki, Rusiyanın arzuları çox olsa da, dünya siyasətinin mövcud reallıqları başqadır.

“Kremil strateqləri yavaş-yavaş anlamağa başlayırlar ki, zor gücünə və silahla nəyisə əldə etmək dövrü bitib. İndi əsas məsələ siyasi və iqtisadi müstəvidə uğur əldə etməkdir. Demək olmaz ki, altılıq platformanın yaradılması tam şəkildə Rusiyanın maraqlarına xidmət edir. Buna baxmayaraq mövcud beynəlxalq siyasi şərait Rusiyanı vadar edir ki, Türkiyə və İranın da regionda varlığına səbrli yanaşsın. Odur ki, "altılıq platforma" Rusiya üçün "könüllü məcburi" kimi qəbul edilə bilər”.