“Şəhid ailələri, müharibə əlilləri, qazilərimiz həmişə dövlətimiz diqqətindədir. Bu kateqoriyadan olan insanlara dövlətimizin diqqət və qayğısı gündən-günə artır. Onların təminatı, sosial müdafiəsi üçün dövlət nə lazımdırsa etməyə çalışır və edir. Yəni, müharibə dövründə, müharibədən sonrakı dövrdə də bu kateqoriyadan olan insanlara dövlət qayğısı göz qabağındadır”. Bu fikirləri hafta.az-a açıqlamasında millət vəkili Elman Məmmədov deyib.
Millət vəkili vurğulayıb ki, bu gün bizim qalib xalq, qalib dövlət, qalib ordu olaraq mövcudluğumuzun səbəbkarı şəhid və qazilərimizdir: “Cənab Prezidentimiz dəfələrlə vurğulayıb ki, ən müasir silarlara belə malik olsan da, ancaq o bayrağı aparıb işğaldan azad edilən yerlərə sancan, o bayrağı dalğalandıran bizim hərbiçilərimiz, əsgərlərimizdir. Ona görə dövlətimiz bu kateqoriyadan olan insanlara qayğı göstərir və bu qayğı da günü-gündən artır. İndi müharibədən yeni çıxmış dövlətik. Yəni, müəyyən problemlərimiz də var. Ancaq buna baxmayaraq dövlətimizin başçısı bu sahəyə ən yüksək səviyyədə diqqət ayırıb. Dünən keçirilən tədbirlər də bir daha bunu nümayiş etdirdi”.