Şəhid Həsənağa Abdullazadənin xatirəsinə inşa edilmiş bulaq istifadəyə verilib - FOTO

21:43 28.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Avqustun 28-də Lənkəran şəhərində Müzəffər Azərbaycan Ordusunun işğalçı düşmən üzərində Zəfəri ilə başa çatmış 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş baş leytenant Abdullazadə Həsənağa Şakir oğlunun xatirəsinə inşa edilmiş bulaq istifadəyə verilib.

Bu münasibətlə keçirilən açılış mərasimində rayon rəhbərliyi, Milli Məclisin deputatı Rüfət Quliyev, Müdafiə Nazirliyinin nümayəndəsi, polkovnik-leytenant Rüfət Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Dövlət Himninin səsləndirilməsi ilə başlanan mərasimdə bulağın önünə əklillər və gül-çiçək dəstələri düzülüb, şəhid Həsənağa Abdullazadənin xatirəsi ehtiramla anılıb, məktəblilərin ifasında “Həsənağa imzası var!” mövzusunda ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Tədbirdə çıxış edənlər 44 günlük Vətən müharibəsində Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin misilsiz şücaət göstərdiklərini bildiriblər.

Qeyd olunub ki, şəhid və qazilərin Vətən qarşısında xidmətləri dövlətimiz və xalqımız tərəfindən yüksək dəyərləndirilir.

Diqqətə çatdırılıb ki, lənkəranlılar torpaqlarımızın azad olunmasında övladlarının, qardaşlarının, atalarının, doğmalarının göstərdikləri əvəzsiz xidmətləri ilə qürur duyurlar.

Rayonda şəhid və qazilərə yüksək ehtiramın göstərildiyini qeyd edən natiqlər, Qarabağ müharibəsində qanları ilə tarixə şanlı səhifələr yazmış şəhidlərin heç vaxt unudulmayacağını, onların xatirələrinin daim əziz tutulacağını vurğulayıblar.

Mərasimdə çıxış edən şəhid ailələrinin üzvləri onlara göstərilən ehtirama, diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, yüksəkixtisaslı hərbçi olmaq arzusu ilə əvvəlcə C.Naxçıvanski adına hərbi liseyi, sonra isə Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirən Həsənağa Abdullazadə Milli Ordu sıralarında ləyaqətlə xidmət edərək taqım komandiri, bölük komandiri və tabor qərargahının rəisi vəzifələrinə qədər yüksəlib.

Qəlbi tükənməz Vətən məhəbbəti və düşmənə nifrət hissi ilə alışıb yanan igid döyüşçü Vətən müharibəsində Kəlbəcər, Murov və Ağdərə istiqamətində gedən döyüşlərdə misilsiz qəhrəmanlıq nümunəsi göstərib şəhidlik zirvəsinə yüksəlib. O, Bakıda II Fəxri Xiyabanda dəfn edilib.

Şəhid baş leytenant Abdullazadə Həsənağa Şakir oğlu ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” medalları və “Rəşadət” ordeni ilə təltif olunub.