Şəhid Xudayarın avazı... - ETİRAZ

13:20 01.05.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Vətən arzusu ilə nəğmələr qoşan, şirinsəsli şəhidimiz Xudayar Yusifzadə döyüş vaxtı etdiyi ifa ilə milyonlarla ürəyə taxt qurdu. Təəssüflər olsun ki, bir cəmiyyətdə hər kəs eyni olmur. Elə bu səbəbdəndir ki, bir müddət öncə Tvitterdə “Əhməd” adlı hesabdan “Xudayar çoxdandı təzə mahnı buraxmır” deyə ironik paylaşım edilib. Daha sonra Fuad Rəsulzadə həmin sözləri özünün dediyini açıqlayıb. Ardınca isə şəhid Xudayar Yusifzadənin qardaşı, dayısı və xalasıoğlu Fuad Rəsulzadəni “cəzalandırmaq” məqsədilə döyüb. Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Bəs görəsən, hazırkı vəziyyətdə şəhidlərin statusunun qorunması, onların alçaldıcı hərəkətlərə məruz qalmamasının qarşısını almaq məqsədilə xüsusi qanuna ehtiyac varmı? Bir qrup şəxsdə şəhid və qazilərimizə qarşı yaranmış xoşagəlməz halların səbəbləri nələrdir? Bu cür halların qarşısını almaq üçün daha hansı addımlar atılmalıdır? Hafta.az-ın əməkdaşı mövzu əhatəsində mütəxəssislərlə müzakirə apardı.

O cəmiyyətdə qanun dəyişikliyinə ehtiyac yaranar ki, onlar şəhidinə etinadsız və hörmətsiz yanaşsınlar

İlk olaraq  Millət Vəkili Elşad Mirbəşir məsələyə münasibət bildirdi. O söylədi ki, bu olduqca həssas mövzu, həm də mənəviyyat məsələsidir:

“Şəhidlərimizn hər birinin qarşısında baş əyirəm. Onlar bugünümüzlə yanaşı, həm də gələcəyimizin müdafiəsində dayanıb, torpaqlarımızı işğaldan azad etdilər. Düşünürəm ki, cəmiyyətdə şəhidlərimizə həssas yanaşma mövcuddur. Onların xatirəsi hər zaman uca tutulur.  Buna görə fikrimcə, el arasında bu dəyərlərin daha da möhkəmləndirilməsi istiqamətində işlər aparmaq vacibdir. Neqativ halların qarşısını almaq, qanunvericilikdən çox ictimai qınaqla tənzimlənməlidir. Bir cəmiyyətdə şəhidə necə ögey münasibət bəslənilə bilər? Bu, qəbuledilməz bir haldır. Dövlətimiz, cəmiyyətimiz şəhidlərini hər zaman uca tutur, xatirəsini böyük ehtiramla anır. Bəzən təəssüf doğuran məqamlara da rəst gəlinir. Bu da çox kəskin ictimai qınağa səbəb olur. Bir məqamı vurğulamaq istəyirəm ki, bütün hallarda məsələ qanunvericiliklə tənzimlənməlidir. Təbii ki, ictimai qınaq ola bilər, lakin elə fiziki gücün tətbiq edilməsi hüquqi məsuliyyət yaradır. Belə xoşagəlməz hallardan qaçmaq lazımdır, nəzərə alaq ki, hər iki vəziyyət cəmiyyətimizin dəyərləri ilə uzlaşmır”.

Deputatın sözlərinə görə, əhali arasında maarifləndirmə işlərinin aparılması intensivləşdirilməlidir:

“Bütünlükdə isə bizdə şəhidə böyük ehtiram var. Bu da Azərbaycan xalqının artıq həm də mental dəyəridir”.

Mövzu ilə bağlı qanunvericilikdə yeniliyə zərurətin olub olmadığına gəldikdə isə, E.Mirbəşir bildirdi ki, bu, daha çox mənəvi-psixoloji məsələdir. Qanunvericilikdə sözügedən halla bağlı hansısa dəyişikliyin edilməsi o cür başa düşülə bilər ki, Azərbaycan cəmiyyətində bu tip neqativ hallara tez-tez rast gəlinir, ancaq bu belə deyil:

“Bizdə şəhidə çox böyük ehtiram var. İlk dəfə idi ki, belə hal yaşanırdı. O cəmiyyətdə qanun dəyişikliyinə ehtiyac yaranar ki, onlar şəhidinə etinadsız və hörmətsiz yanaşsınlar. Düşünürəm ki, qanunvericilikdə dəyişikliyin olunmasına zərurət yoxdur.

Məsələnin azad cəmiyyət və ifadə sərbəstliyi ilə əlaqəsi yoxdur

Ardınca isə müzakirəmizə sosioloq Əhməd Qəşəmoğlu ilə davam etdik. Ekspert bildirdi ki, şəhidin ünvanına səsləndirilən xoşagəlməz ifadələr yolverilməz haldır. Yaranmış vəziyyətin söz azadlığı ilə heç bir əlaqəsi yoxdur:

“Hüquqa əsasən birini döymək, təbii ki, yolverilməz haldır. Hər zaman deyirlər,  günahı olan birini məhkəməyə şikayət edin, onlar bu işi araşdırsınlar. Hər şeydən öncə Xudayar şəhiddir. İkinci tərəfdən də onun istedadlı gənc olması, ifası və davranışları insanlarda böyük sevgi yaratdı. Biz təkcə bir gəncimizi deyil, eyni zamanda xanəndəmizi itirmişik. Belə bir gəncin haqqında artıq-əskik danışmaq heç düzgün deyil. Məsələnin azad cəmiyyət və ifadə sərbəstliyi ilə də əlaqəsi yoxdur”.

Sosioloqun fikrincə, şəhid Xudayarı təhqir edən şəxslərin hərəkətinə susmaq cəmiyyətimiz üçün təhlükə demək idi:

“Həmin şəxsləri məhkəməyə verdikdə onlar bəlkə də tənbeh, yaxud da cərimə olunacaqdı. İnsanlar isə daha artıq cəza verilməsini istəyir. Bizim adət-ənənəmizin qəbul etdiyi normalardır. İctimai rəyi əsas götürsək, cəmiyyətin əksəriyyəti onu döyənləri qınamır. Bu gün biz şəhidlərə, qazilərə ehtiram göstərməyə borcluyuq. Yaranmış vəziyyətə etinasızlıq daha qorxulu idi, nəinki verilən reaksiya. Belə iş tutmaq olmaz, hələ bunun müqabilində kimsə əsəbiləşib onu öldürə də bilər. Hər bir halda döyülən gəncin də halına acıyır, digər tərəfdən isə bir ağsaqqal olaraq möhkəm qınayıram”.

Şəhidlərə qarşı təhqiredici ifadələr işlədən hər bir şəxs hüquqi məsulliyyət daşıyır

Hüquqşünas Emil Aslanov mövzuya hüquqi aspektdən fikir bildirdi. O söylədi ki, şəhidlərə qarşı təhqiredici ifadələr işlədən hər bir şəxs hüquqi məsulliyyət daşıyır:

“Belə hal baş verərsə, həmin şəxslər şəhidin hüquqi varisi tərəfindən məhkəməyə verilib təhqir və böhtan maddələri ilə Cinayət Məsəlləsinin 147 və 148-ci maddələri ilə  məsuliyyətə cəlb edilə bilərlər. Burada azadlıqdan məhrumetmə cəzası, cərimə, islah işləri kimi cəzalar mövcuddur”.

Şəhidlərlə bağlı bu cür qıcıq hissinin  kökündə yatan ilkin səbəb bizim xalqın “aşağılıq”  kompleksidir

Müzakirəmizə son nöqtəni isə tanınmış psixoloq Tariyel Faziloğlu qoydu. O, baş verən hadisələri 4 əsas problemə şaxələdi:

“Şəhidlərlə bağlı bu cür qıcıq hissinin  kökündə yatan ilkin səbəb bizim xalqın “aşağılıq”  kompleksidir. Biz özümüzlə bağlı olan mövzuları lağ obyektinə çevirməyi xoşlayırıq. Qısa müddət öncəyə qədər nə pis hadisə baş verirdisə, insanlar rahatlıqla “Bura Azərbaycandır” kimi ifadələr işlədə bilirdilər. İkinci səbəb isə insanların şəhid və qazilərlə bağlı düşüncə sisteminə sahib olmamasıdır. Doxsanıncı illərdəki şəhid və qazilərlə bağlı ciddi bir tədbirin görülməməsi buna gətirib çıxardı. İndi bir anda ortaya çıxan belə anlayışlar bu tip insanlarda qıcıq yaratdı. Şüuraltında şəhid və qazi anlayışını qarşılayacaq düşüncə tərzi olmayan insanlar belə davranış sərgiləyir. Digər bir səbəb odur ki, bu gün dövlət qazi və şəhidlərlə bağlı tam olaraq xalqı maarifləndirmir. Sonuncu və elə fikrimcə ən əsas məqam isə ölkə, xalq olaraq “müharibə sindromu” yaşamağımızdır. Bu, çox təhlükəli  haldır və düşünürəm, gələcəkdə daha dəhşətli nəticələr verə bilər. Misal olaraq 2021-ci ilin əvvəlindən artan intihar hadisələrini, kəskin amansızlıqla törədilən cinayətlərin çoxluğunu göstərə bilərəm”.

Daha sonra psixoloq lazımi tədbirlər görülmədiyi halda, gələcəkdə bizi gözləyən daha ağır nəticələrin olduğunu xüsusi vurğuladı:

“Ətrafımıza baxsaq, hər kəsdə ciddi bir çılğınlıq sezmək mümkündür. Müharibə sindromu aşağılıq kompleksi ilə birləşdikdə dağıdıcı fəsadlara gətirib çıxara bilir. Fikrimcə, gələcəkdə bundan da ciddi qarşıdurmalar yaşayacağıq. Bu gün qəhrəman adlandırdığımız insanları bir müddət sonra xalq linç belə edə bilər. Yaxşı olardı ki, cəmiyyətimizdə güclü şəkildə psixoloji maarifləndirmə həyata keçirilsin”.

Mütəxəssislərin fikirlərindən belə nəticəyə gəlmək olar ki, gələcəkdə belə halların yaşanmaması üçün ictimai qınaq və doğru maarifləndirmə başlıca şərtlərdir.

Oxunma sayı 3076