Azərbaycan Respublikasının hələlik Rusiyanın rəsmən sülhməramlı sayılan hərbi kontingentinin nəzarətində qalan ərazisindəki separatçı-terrorçu rejim tör-töküntüləri torpaqlarımızda quruculuq görüntüsü yaratmaq üçün mümkün işləri görməkdə davam edirlər.
Hafta.az xəbər verir ki, Xankəndindəki separatçı nəşrlərin yaydığı məlumata görə, Xocalı rayonunun “Ovsepavan” adlandırılmış Dərələyəz kəndində Azərbaycan ordusunun 44 günlük savaşı nəticəsində könüllü olaraq yaşadıqları əraziləri tərk etmiş 92 erməni ailəsi üçün yeni bir yaşayış massivi tikilir.
“Hazırda qazıntı, təməl və divar tikintisi davam edir. Yeni massivdə həyətyanı torpaq ilə birlikdə hər birinin sahəsi 1200 kvadratmetr olan 92 həyət evi tikiləcək. Evlər 2, 3, 4 və 5 otaqlı olacaq. Ərazidə yaşıllıqlar olan istirahət guşələri, uşaq meydançası, inzibati bina, məktəb salınacaq. Tikinti işlərini “Kapavor” şirkəti həyata keçirir. İlkin məlumatlara görə, tikinti 2022 -ci ilin dekabrında başa çatacaq”- xəbərdə belə deyilir.