“44 günlük müharibədən sonra bərpa-quruculuq prosesi ilə yanaşı, sərhədlərimizdə təhlükəsizliyin təmin edilməsi də mühüm məsələlərdən idi. Çünki Vətən müharibəsindən sonra biz Ermənistanla təxminən 400 km pozulmuş sərhədlərimizi bərpa etmişdik. Bu nöqteyi-nəzərdən təhlüksəzilik məsələlərinin təmin edilməsi vacib məqamlardandır”.
Hafta.az xəbər verir ki, bunu deputat Mahir Abbaszadə Milli Məclisin bugünkü iclasında bildirib.
O, qeyd edib ki, məhz Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd buraxılış məntəqəsinin qoyulması təhlükəsizliyin və sülhün bərpa olunması baxımından çox vacibdir.
M.Abbaszadə cənab Prezidentin verdiyi anonslara diqqət çəkərək, Zabux, Sus kəndlərinin bərpası və məcburi köçkün düşmüş insanların geri qayıtması prosesinə toxunub.
“Köçürülmüş insanlar üçün cənab Prezidentin tapşırığı ilə evlərin tikilməsi, infrastrukturun qurulması və sair məsələlərlə bərabər həm də təhlükəsizliyin qorunması da mühümdür. Sərhəd-buraxılış məntəqəsinin qurulması göstərir ki, Azərbaycan dövləti köçürüləcək insanların təhlükəsizliyini yüksək səviyyədə, Azərbaycanın silahlı qüvvələri tərəfindən həyata keçiriləcəkdir”.