Səudiyyə Ərəbistanı 2023-cü ilin ikinci rübündə Beynəlxalq Kosmik Stansiyaya ilk səudiyyəli qadın astronavt Rayana Bernavi ilə astronavt Əli əl-Karnini göndərməyə hazırlaşır.
Hafta.az-ın SPA-ya istinadən yazdığına görə, Səudiyyə Ərəbistanı Rabitə, Kosmos və Texnologiya Komissiyası (CSTC) və İdarə Heyətinin sədri Abdullah əs-Savaha səudiyyəli astronavtların hökumətdən qeyri-məhdud dəstək aldığını açıqlayıb. Savaha, “Astronavt proqramı ilə dövlət kosmos elmi səviyyəsində elmi yenilikləri tətbiq etməyi və sənayenin və ölkənin gələcəyinə müsbət təsir göstərəcək müstəqil araşdırma aparmaq bacarığını inkişaf etdirməyi hədəfləyir” deyib.
Əs-Savaha mətbuata açıqlamasını belə davam etdirib: “Məzunların elm, texnologiya, mühəndislik və riyaziyyata marağını artırmaqla yanaşı, istedadlı insanları bu sahəyə cəlb edəcəyik və lazımi bacarıqları inkişaf etdirəcəyik. Krallıq qlobal kosmos yarışında və kəşfiyyatında öz mövqeyini gücləndirmək, kosmosda rəqabət aparan və xüsusi elmlərə sərmayə qoyan dövlətlər arasında mövqeyini yüksəltmək üçün astronavt proqramına ümid edir".
Astronavt proqramı Müdafiə Nazirliyi, İdman Nazirliyi, Mülki Aviasiya İdarəsi və Kral Faysal İxtisas Xəstəxanası və Tədqiqat Mərkəzinin rəhbərlik etdiyi bir qrup qurum ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Bu qurumlar arasında ABŞ-da insanlı kosmik uçuşların və kosmik infrastrukturun inkişafı üzrə ixtisaslaşan “Axiom Space” şirkəti də var.