Səudiyyə şirkəti “Maaden” yeni qızıl yataqları tapdı

10:15 29.12.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Səudiyyə Ərəbistanının “Maaden” Mədən Şirkəti Mansurah-Masarah qızıl mədəninin cənubunda çox sayda qızıl yatağının aşkar edildiyini bildirib ki, bu da regionda qızıl hasilatının genişləndirilməsi deməkdir.

Hafta.az-ın yazdığına görə, “Maaden” tərəfindən verilən şərhdə, 100 kilometrlik bir ərazidə aşkarlanan tapıntıların mədən hasilat xəttinin yaradılması məqsədilə 2022-ci ildə başladılan kəşfiyyat proqramının ilk tapıntıları olduğu bildirilib.

Açıqlamaya görə, Mansurah-Massarah yeddi milyon unsiya qızıl ehtiyatına və 2023-cü ilin sonuna qədər ildə 250 min unsiya istehsal gücünə malikdir.

“Maaden” şirkətinin baş direktoru Robert Uilt bildirib ki, yeni qızıl yatağının kəşfi şirkətin inkişaf strategiyasının mühüm hissəsidir. Uilt əlavə edib ki, şirkət ötən il dünyada ən böyük kəşfiyyat proqramlarından birinə başlayıb. Bu kəşflər Səudiyyə Ərəbistanında mineral ehtiyatların istifadə edilməmiş potensialının mühüm sübutudur.

Bu tədqiqatlar “Hədəf 2030”a uyğun olaraq gəlir mənbələrinin şaxələndirilməsini dəstəkləmək və Səudiyyə iqtisadiyyatının üçüncü sütunu kimi mədən sənayesini gücləndirmək məqsədi daşıyır.