“Şimali Kipr dövlət olmanın bütün şərtlərinə cavab verir” – Ersin Tatar

09:15 01.11.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Şimali Kipr Türk Cümhuriyyəti müxtəlif cəbhələrdə bir çox çətinliklə üzləşir və təbii ki, biz bacardıqca onların öhdəsindən gəlməyə çalışırıq. Türkiyədən başqa heç bir ölkə tərəfindən beynəlxalq səviyyədə tanınmadıq. Ancaq bu tanınma məsələsi xaricində Şimali Kipr dövlət olmanın bütün əsas şərtlərinə cavab verir. Ona görə də biz öz suverenliyimizdən həzz alır və müstəqil yaşayırıq. Kiprli yunanlar bizə və Türkiyəyə təzyiq göstərmək üçün Avropa Birliyinə  üzvlükdən yararlanır və istismar edirlər. Onlar bütün adanı təmsil etdiklərini deyirlər. Lakin bu belə deyil, onlar nə Avropa İttifaqında, nə də başqa yerdə Kipr türklərini təmsil etmirlər”.

Hafta.az-ın yazdığına görə, bu sözləri “Al Majalla”ya müsahibəsində Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Ersin Tatar deyib. Prezident bildirib ki, Avropa İttifaqı 2004-cü ildə adanın İttifaqa üzv olmasına icazə verməklə böyük səhvə yol verib. Çünki İttifaq, həll olunmamış regional mübahisəsi olan bir dövlətin üzvlüyünü tanımaqla əhalisinin dörddə birini görməzlikdən gəldi. “2004-cü il referendumunda BMT-nin baş katibi Kofi Annanın planını rədd edən kiprli yunanlar mükafatlandırılarkən, planı təsdiqləyən kiprli türklər cəzalandırılıb. Kipr türkləri hələ də təcrid vəziyyətindədirlər”, - dövlət başçısı deyib.

Böyük Britaniyanın keçmiş xarici işlər naziri Cek Strounun məqaləsinə istinad edən Ersin Tatarın sözlərinə görə, Avropa İttifaqında bəzi yüksək rütbəli məmurlar postlarından getdikdən sonra belə bu səhvi açıq şəkildə etiraf ediblər.

Ersin Tatar deyib ki, kiprli yunanlar Şimali Kipr dövlətinə və cəmiyyətinə mənfi təsir göstərmək üçün böyük səylər göstərirlər. “Məsələn, yalnız Türkiyədən gələn təyyarələr bizim hava limanından istifadə edir. Kipr türkləri idmanı çox sevirlər, lakin onları beynəlxalq idman turnirlərində iştirakdan və ya hər cür beynəlxalq təmaslardan uzaq tuturlar. Biz Türkiyədən başqa heç bir ölkə ilə sərbəst və birbaşa ticarət əlaqələri qura, öz sənədlərimizlə səyahət edə bilmərik. Amma birtəhər bu problemləri idarə edərək yaşamağa davam edirik”, - prezident üzləşdikləri haqsızlıqlardan gileylənib.

Kiprli yunanların etdiklərinin siyasi və əxlaqi baxımdan doğru olmadığını bildirən Ersin Tatar, “Beynəlxalq ictimaiyyət onların yanlış hərəkətlərinə tərəf olmamalıdır. Biz dəfələrlə danışıqlarda iştirak etmişik və Kipr probleminin həlli istiqamətində səylər göstərmişik, lakin yunanların mövqeyi üzündən danışıqlar həmişə uğursuzluqla nəticələnib” deyib.

Təsis sənədləri, o cümlədən 1960-cı ildə Kipr Respublikasının yaradılması haqqında Müqavilə türklər və yunanlar arasında bərabərliyə əsaslanır. Amma Ersin Tatarın sözlərinə görə, əslində, kiprli yunanlar türkləri heç vaxt bərabərhüquqlu saymayıblar. Onların düşüncəsinə görə, adanın sahibidirlər və Kipr türkləri də onlara məxsusdur. Bütün bu müddət ərzində problem bu olub.

Prezident Tatar tam qətiyyətlə bildirib ki, heç vaxt Şimali Kipr Türk Cümhuriyyətinin suverenliyini güzəştə getməyəcək və öz milli təhlükəsizliklərindən əl çəkməyəcəklər. “Türkiyənin zəmanəti olmadan heç bir razılaşmanı tam və məqbul hesab etməyəcəyik. Şimali Kipr Türk Cümhuriyyəti artıq bir reallıqdır, canlı quruluş olaraq öz suverenliyini və xalqının azad hüquqlarını həyata keçirməyə davam edəcək” deyən Ersin Tatar bildirib ki, ölkəsi İslam Əməkdaşlıq Təşkilatında müşahidəçi statusuna malikdir və bir çox dövlətdə nümayəndələr şəklində təmsil olunur. O bildirib ki, Şimali Kipr Türk Cümhuriyyəti olaraq hamı ilə dialoqu artırmaq və əməkdaşlığı inkişaf etdirmək istəyirlər.

“Al Majalla”nın müxbiri prezident Ersin Tatardan Ərəb-İslam ölkələri ilə əlaqələr barədə soruşduqda isə cavab belə olub ki, təşkilata üzv ölkələrin bəzilərində təmsilçilikləri fəaliyyət göstərir. Şimali Kiprin bu ölkələrlə əməkdaşlığın əsas istiqamətləri ticarət və turizm, eləcə də mədəniyyət və təhsil sahələridir.

“Hazırda Yaxın Şərq ölkələrindən çox sayda tələbə Şimali Kipr Türk Cümhuriyyətinin beynəlxalq səviyyədə tanınan universitetlərində təhsil alır. Biz bölgə ölkələrindən daha çox tələbənin Şimali Kiprdəki təhsil müəssisələrində təhsil almasını arzulayırıq”, - prezident Tatar deyib.

Siyasət rubrikasından digər xəbərlər