1995-ci ildə Bosniya və Herseqovinanın şərqindəki Srebrenitsada serb əsgərlərin törətdiyi soyqırımda həlak olan və iyulun 11-də keçiriləcək anım mərasimlərindən sonra dəfn olunacaq 14 qurbanın cənazələri göz yaşları ilə paytaxt Sarayevodan Potocari Memorial Qəbiristanlığına yola salınıb.
Hafta.az-ın yazdığına görə, cəsədlərin olduğu avtomobillər səhər saatlarında Bosniya və Herseqovinanın Visoko şəhərindən yola düşən karvanla Sarayevonun Marşal Tito və Mula Mustafe Baseskija küçələrindən keçib.
Cəsədləri daşıyan karvan əvvəlki illərdə olduğu kimi ilk olaraq Bosniya və Herseqovina Rəyasət Heyətinin qarşısında dayanıb. Dövlət rəsmiləri və yüzlərlə sarayevalı gül dəstələri qoyub, 14 qurbanın cəsədini daşıyan maşınlar üçün dua ediblər.
Sarayevodan yola düşməzdən əvvəl Bosniyadakı müharibə zamanı iki böyük qətliamın yaşandığı Öldürülən Uşaqlar Abidəsi və Markale bazarında bir müddət dayanan konvoy Potoçari bölgəsindəki monumental qəbiristanlığa yola salınıb.
Dünən axşam Srebrenitsa yaxınlığındakı Potoçari bölgəsinə çatacaq cəsədlər müharibə zamanı Birləşmiş Millətlər Təşkilatında (BMT) xidmət edən holland əsgərlərin baza kimi istifadə etdiyi köhnə akkumulyator zavoduna yerləşdiriləcək.
Tabutlar Potoçari xatirə qəbiristanlığına aparılacaq və iyulun 11-də qılınan cənazə namazından sonra dəfn ediləcək.
Bu il dəfn ediləcək ən gənc qurban öldürüldüyü zaman 17 yaşında olan Beriz Muciç, öldürüldüyü zaman 68 yaşında olan Hamed Saliç isə bu il dəfn ediləcək ən yaşlı soyqırım qurbanı olaraq qeyd edilib.
Srebrenitsadakı soyqırımda öldürülən Camil və Hasib Əfəndiç bu il yan-yana dəfn ediləcək.
Nə baş verib?
11 iyul 1995-ci ildə Ratko Mladiçin komandanlığı altında serb qoşunları tərəfindən Srebrenitsanın işğalından sonra mülki bosniyalılar BMT nəzdində Hollandiya əsgərlərinə sığınsa da, hollandlar onları serblərin qarşısında müdafiəsiz qoyub.
Qadın və uşaqların bosniyalı əsgərlərin nəzarətində olan bölgəyə getməsinə icazə verən serblər, ən azı 8372 bosniyalı kişini meşələrdə, fabriklərdə və anbarlarda qətlə yetirib, kütləvi məzarlıqlarda basdırıblar.
Haaqa Beynəlxalq Məhkəməsi 2007-ci ildə çıxardığı qərarda Srebrenitsa və onun ətrafında baş verənləri keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalının (ICTY) sübutlarına uyğun olaraq “soyqırım” kimi qiymətləndirib.
Müharibədən sonra itkin düşənlərin tapılması üçün başlanan səylər zamanı cəsədləri kütləvi məzarlıqlarda tapılan qurbanlar hər il iyulun 11-də şəxsiyyəti müəyyən edildikdən sonra Potocari Memorial Qəbiristanlığında təşkil edilən mərasimlə dəfn olunur.
Potocari Memorial Qəbiristanlığında indiyədək 6751 qurban dəfn edildiyi halda, 250 qurban ailələrinin istəyi ilə yerli qəbiristanlıqlarda basdırılıb. Srebrenitsa soyqırımında həyatını itirən və cəsədləri tapılmayan 1000-dən çox insan var.
Sümükləri tapılan Srebrenitsa Soyqırımı qurbanlarından şəxsiyyəti müəyyən edilənlərin cəsədləri 77-si kütləvi məzarlıq olmaqla 150 müxtəlif yerdən çıxarılıb.
Builki anma mərasimlərindən sonra Potoçari Memorial Qəbiristanlığında dəfn edilən soyqırım qurbanlarının sayı 6765 olacaq.