Supermarketdə vaxtı keçmiş ərzaqlar pulsuz paylanılır

09:10 12.01.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya Dövlət Dumasına təqdim olunan yeni qanun layihəsi ərzaq mağazalarını yoxsul müştərilər üçün pulsuz ərzaq rəfləri ilə təmin etmək məcburiyyəti qarşısında qoyub.

Hafta.az-ın “İzvestiya” qəzetinə istinadən yazdığına görə, tətbiq müddəti bitmiş və ya bitmək üzrə olan məhsulları əhatə edəcək.

Qanun layihəsi ərzaq bazarlarını təcrübədə iştiraka həvəsləndirmək üçün vergi üstünlükləri təqdim edir. Qəzetə danışan bazar nümayəndələri bu təcrübəni dəstəklədiklərini, lakin məcburi iştirakdan çox könüllü iştirakın tərəfdarı olduqlarını bildiriblər.

Rusiyada təqaüdçülərin və aztəminatlı insanların vaxtı keçmiş ərzaq məhsullarını pulsuz ala bilməsi məsələsi əvvəllər də dəfələrlə gündəmə gətirilib. Son qanun layihəsinə görə, müraciətdən pensiyaçı və ya aztəminatlı olduğunu göstərən sənədi olanlar yararlana biləcək.

Araşdırmalar göstərir ki, Rusiyada hər il dəyəri 1,6 trilyon rubl olan 17 milyon ton ərzaq müddəti bitdiyi üçün tullantılara gedir. Digər tərəfdən, Rusiya vətəndaşlarının 60 faizi aylıq gəlirlərinin yarısını yeməyə xərcləyir. Bütün gəlirlərini yeməyə xərcləyənlərin nisbəti 16 faizdir.

Rusiya mətbuatı yazıb ki, vergi qanununa görə, ərzaq bazarlarının saxlama müddəti ötmüş məhsulları tullamaq daha sərfəlidir, nəinki pulsuz yaymaq.