Şuşa Bəyannaməsinin təsiri daha da artacaq - Rəşad Bayramov

15:47 11.06.2026 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

"Şuşa Bəyannaməsinin imzalanmasından ötən beş ili Azərbaycan–Türkiyə münasibətlərinin keyfiyyətcə yeni mərhələyə keçdiyini göstərən mühüm dövr kimi dəyərləndirilə bilər. Bu sənəd iki ölkə arasında strateji müttəfiqliyi rəsmi şəkildə təsbit etməklə yanaşı, münasibətlərin həm ikitərəfli çərçivədə, həm də regional və qlobal miqyasda daha sistemli və dərin inteqrasiya xəttinə yönəldiyini ortaya qoydu".

Bunu Hafta-az-a politoloq Rəşad Bayramov 15 iyun tarixində Qarabağın mədəni paytaxtı olan Şuşa şəhərində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanan Şuşa Bəyannaməsinin 5-ci ili ilə bağlı açıqlamasında deyib. Politoloqbqeyd edib ki, son beş ildə bu müttəfiqlik siyasi dialoqdan başlayaraq təhlükəsizlik, müdafiə sənayesi, enerji, nəqliyyat və humanitar sahələrə qədər geniş spektrdə institusional xarakter alıb.

O, ən mühüm dəyişikliklərdən birinin təhlükəsizlik və müdafiə sahəsində müşahidə olunduğunu vurğulayıb:

"Azərbaycan və Türkiyə arasında birgə hərbi təlimlərin intensivləşməsi, müdafiə sənayesi sahəsində texnoloji əməkdaşlığın genişlənməsi və qarşılıqlı hərbi uyğunlaşmanın dərinləşməsi Şuşa Bəyannaməsinin praktik nəticələri kimi qiymətləndirilə bilər. Bu proses iki ölkənin hərbi potensialını gücləndirməklə yanaşı, regionda çəkindirmə balansını da dəyişdirib. Nəticədə Cənubi Qafqazda yeni təhlükəsizlik arxitekturası formalaşıb və bu arxitekturanın əsas sütunlarından biri Azərbaycan–Türkiyə müttəfiqliyi olub. Eyni zamanda, enerji və nəqliyyat sahəsində əməkdaşlıq münasibətlərin strateji xarakterini daha da gücləndirib. Azərbaycanın enerji resurslarının Türkiyə üzərindən Avropa bazarlarına çıxışı, TANAP kimi layihələrin genişlənməsi və Orta Dəhliz çərçivəsində logistika inteqrasiyasının dərinləşməsi regional iqtisadi xəritəni dəyişdirən əsas amillər sırasındadır".

R.Bayramov hesab edir ki, Şuşa Bəyannaməsi bu prosesləri siyasi baxımdan da möhkəmləndirərək uzunmüddətli əməkdaşlıq çərçivəsi yaradıb:


"Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqlar baxımından Şuşa Bəyannaməsi sabitlik və güc balansının əsas elementlərindən biri kimi çıxış edir. 44 günlük müharibədən sonra regionda yaranmış yeni status-kvo fonunda Azərbaycan–Türkiyə müttəfiqliyi həm siyasi sabitliyin qorunması, həm də post-münaqişə dövrünün idarə olunması baxımından həlledici rol oynayıb. Bu əməkdaşlıq regional proseslərə kənar müdaxilələrin qarşısının alınmasında və yerli aktorların mövqeyinin güclənməsində mühüm təsir göstərib".

Politoloq Şuşa Bəyannaməsinin perspektivlərini isə daha geniş geoiqtisadi və geosiyasi miqyasda qiymətləndirmənin mümkünlüyünü önə şəkin. Onun fikrincə, Bəyannamə Türk dünyasının inteqrasiyası baxımından bu sənəd strateji platforma funksiyası daşıyır və Azərbaycan ilə Türkiyəni yalnız ikitərəfli müttəfiq deyil, eyni zamanda daha geniş türk coğrafiyasının birləşdirici mərkəzlərindən biri kimi ön plana çıxarır:

"Orta Dəhlizin inkişafı, enerji təhlükəsizliyi layihələri və rəqəmsal bağlantı təşəbbüsləri bu inteqrasiyanın əsas hərəkətverici istiqamətləridir. Gələcək mərhələdə Şuşa Bəyannaməsinin təsirinin daha da artacağı da şübhəsizdir. Xüsusilə iqtisadi inteqrasiya, müdafiə sənayesində birgə istehsal, nəqliyyat-logistika şəbəkələrinin genişlənməsi və türk dövlətləri arasında siyasi koordinasiyanın güclənməsi bu sənədin praktiki əhəmiyyətini daha da artıracaq. Ümumilikdə isə Şuşa Bəyannaməsini iki dövlət arasında müttəfiqlik sənədi olmaqla yanaşı, həm də Cənubi Qafqazdan başlayaraq daha geniş Avrasiya məkanında yeni əməkdaşlıq modelinin formalaşmasına təkan verən strateji sənəd kimi qəbul etmək olar".