Gözlədiyimiz kimi, Ermənistanda keçirilən seçkini Nikol Paşinyan uddu. Qərb blokuna meylli siyasətçi olan Paşinyan bu prosesdə Rusiyanın açıq-aşkar təzyiqləri və hətta hədələrinə dözməli oldu, nəhayət yürütdüyü siyasət nəticəsində erməni ictamiyyəti dünyaya və xüsusilə qonşu ölkələrlə açılım xəttini seçdi. İndi çoxları sual verir: Paşinyan qələbəsinin timsalında, Rusiya Ermənistanda uduzdu, yoxsa Qərb qalib gəldi?
Diplomatiya və Strateji Araşdırmalar Mərkəzinin (DASAM) sədri Məhmət Gökhan Özçubukçu Hafta.az-a bildirib ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın son dövrdə həm seçkilərdə, həm də daxili siyasətdə mövqeyini qoruyub-saxlaması ilk baxışdan Qərbin Cənubi Qafqazdakı nüfuzunu artırdığı və Rusiyanın regiondakı təsirinin zəiflədiyi kimi şərh oluna bilər. Məsələyə daha geniş geosiyasi çərçivədən yanaşdıqda nə Rusiyanın tamamilə uduzduğunu, nə də Qərbin qəti qələbə qazandığını söyləmək mümkündür. Əslində, ortaya çıxan mənzərə Ermənistanın xarici siyasətdə daha çevik və çoxşaxəli balans axtarışına girdiyini göstərir: “Xüsusilə 2020-ci il Qarabağ müharibəsindən sonra Ermənistan ictimaiyyətində Rusiyaya qarşı ciddi etimad itkisi formalaşdı. Uzun illər ərzində Moskvanı təhlükəsizlik təminatçısı kimi görən erməni siyasi elitaları və cəmiyyətin mühüm bir hissəsi müharibə dövründə və sonrasında Rusiyanın gözlənilən dəstəyi vermədiyi qənaətinə gəldi. Qarabağda baş verən proseslər də bu təsəvvürü daha da gücləndirdi. Buna görə də Paşinyan hakimiyyəti başda Avropa İttifaqı, ABŞ və Fransa olmaqla Qərb aktorları ilə münasibətləri inkişaf etdirməyə yönəldi.
Bununla belə, bu vəziyyət Ermənistanın Rusiyadan tamamilə uzaqlaşdığı anlamına gəlmir. Ermənistan iqtisadiyyatı, enerji infrastrukturu və ticarətinin mühüm bir hissəsi hələ də Rusiya ilə bağlıdır. Bundan əlavə, İrəvan Avrasiya İqtisadi İttifaqındakı üzvlüyünü davam etdirir və Moskva ilə iqtisadi münasibətlərini qorumağa xüsusi diqqət yetirir”.
Paşinyanın Putinlə Azərbaycan əleyhinə hansısa gizli sövdələşməyə getməsi iddialarına gəldikdə isə, ekspert deyir ki, son dövrdə region siyasəti ilə bağlı müxtəlif iddialar irəli sürülsə də, Nikol Paşinyanla Vladimir Putin arasında Azərbaycana qarşı genişmiqyaslı gizli razılaşmanın əldə edildiyini təsdiqləyən konkret və inandırıcı faktlar mövcud deyil. Mövcud geosiyasi mənzərə göstərir ki, bu cür qiymətləndirmələr daha çox siyasi şərh və spekulyasiya xarakteri daşıyır:
“İlk növbədə qeyd etmək lazımdır ki, son illər Moskva ilə İrəvan arasındakı münasibətlər kifayət qədər mürəkkəb və gərgin mərhələdən keçib. Paşinyan hakimiyyəti Rusiyanın regional siyasətini tənqid edib, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) effektivliyini sual altına alıb və Qərblə münasibətlərini inkişaf etdirməyə çalışıb. Buna qarşılıq olaraq Moskva da Ermənistanın bu istiqamətdəki addımlarından narahatlığını müxtəlif formalarda ifadə edib. Bu səbəbdən tərəflər arasında tam strateji uyğunluqdan danışmaq çətindir.
Digər tərəfdən, Rusiyanın Cənubi Qafqaz siyasəti hər hansı bir ölkənin yanında yer almaqdan daha çox, regiondakı bütün aktorlar üzərində təsirini qorumaq prinsipinə əsaslanır. Bundan əlavə, Moskva ilə Bakı arasında enerji, nəqliyyat, ticarət və təhlükəsizlik sahələrində davam edən mühüm əlaqələr mövcuddur. Bu vəziyyət Kremlin yalnız Ermənistanın maraqlarına xidmət edən siyasət yürütməsini ehtimal olunan ssenari etmir.
Dövlətlərarası münasibətlərdə ictimaiyyətə açıqlanmayan diplomatik təmaslar, danışıqlar və qarşılıqlı maraq hesablamaları hər zaman mümkündür. Lakin mövcud şərait və bu günə qədər ortaya çıxan faktlar nəzərə alındıqda, belə təmasları birbaşa Azərbaycana qarşı yönəlmiş gizli razılaşmanın tərkib hissəsi kimi qiymətləndirmək üçün kifayət qədər əsas yoxdur. Mövcud mənzərə daha çox Rusiyanın Cənubi Qafqazdakı nüfuzunu qorumağa çalışdığını, Paşinyan hakimiyyətinin isə Moskva ilə münasibətlərini tamamilə qoparmadan Qərblə yaxınlaşma siyasətini davam etdirdiyini göstərir. Buna görə də Putinlə Paşinyan arasında Azərbaycana qarşı genişmiqyaslı gizli razılaşmanın mövcud olduğu barədə iddialar hazırkı mərhələdə konkret faktlarla dəstəklənən qiymətləndirmədən daha çox spekulyasiya xarakteri daşıyır”.