Gözlədiyimiz kimi, Ermənistanda keçirilən seçkini Nikol Paşinyan uddu. Qərb blokuna meylli siyasətçi olan Paşinyan bu prosesdə Rusiyanın açıq-aşkar təzyiqləri və hətta hədələrinə dözməli oldu, nəhayət yürütdüyü siyasət nəticəsində erməni ictamiyyəti dünyaya və xüsusilə qonşu ölkələrlə açılım xəttini seçdi. İndi çoxları sual verir: Paşinyan qələbəsinin timsalında, Rusiya Ermənistanda uduzdu, yoxsa Qərb qalib gəldi?
Hafta.az-a danışan Diplomatiya və Strateji Araşdırmalar Mərkəzinin (DASAM) sədri Məhmət Gökhan Özçubukçunun qənaətincə, Ermənistanın Baş naziri Nikol Paşinyanın son dövrdə həm seçkilərdə, həm də daxili siyasətdə mövqeyini qoruyub-saxlaması ilk baxışdan Qərbin Cənubi Qafqazdakı nüfuzunu artırdığı və Rusiyanın regiondakı təsirinin zəiflədiyi kimi şərh oluna bilər. Məsələyə daha geniş geosiyasi çərçivədən yanaşdıqda nə Rusiyanın tamamilə uduzduğunu, nə də Qərbin qəti qələbə qazandığını söyləmək mümkündür. Əslində, ortaya çıxan mənzərə Ermənistanın xarici siyasətdə daha çevik və çoxşaxəli balans axtarışına girdiyini göstərir: “Xüsusilə 2020-ci il Qarabağ müharibəsindən sonra Ermənistan ictimaiyyətində Rusiyaya qarşı ciddi etimad itkisi formalaşdı. Uzun illər ərzində Moskvanı təhlükəsizlik təminatçısı kimi görən erməni siyasi elitaları və cəmiyyətin mühüm bir hissəsi müharibə dövründə və sonrasında Rusiyanın gözlənilən dəstəyi vermədiyi qənaətinə gəldi. Qarabağda baş verən proseslər də bu təsəvvürü daha da gücləndirdi. Buna görə də Paşinyan hakimiyyəti başda Avropa İttifaqı, ABŞ və Fransa olmaqla Qərb aktorları ilə münasibətləri inkişaf etdirməyə yönəldi.
Bununla belə, bu vəziyyət Ermənistanın Rusiyadan tamamilə uzaqlaşdığı anlamına gəlmir. Ermənistan iqtisadiyyatı, enerji infrastrukturu və ticarətinin mühüm bir hissəsi hələ də Rusiya ilə bağlıdır. Bundan əlavə, İrəvan Avrasiya İqtisadi İttifaqındakı üzvlüyünü davam etdirir və Moskva ilə iqtisadi münasibətlərini qorumağa xüsusi diqqət yetirir”.
Onun sözlərinə görə, digər tərəfdən, Qərbin də Ermənistanı tam mənada öz geosiyasi oxuna cəlb etdiyini söyləmək çətindir. Avropa İttifaqının müşahidə missiyaları, ABŞ ilə inkişaf edən münasibətlər və Fransanın artan dəstəyi mühüm əhəmiyyət daşısa da, bunlar hələlik Ermənistanın təhlükəsizlik arxitekturasını köklü şəkildə dəyişdirəcək səviyyəyə çatmayıb. NATO üzvlüyü gündəmdə olmadığı kimi, Qərb ölkələrinin Ermənistana birbaşa təhlükəsizlik təminatı verməyə hazır olduqlarını göstərən güclü siqnallar da mövcud deyil. Buna görə də bu gün yaşanan prosesi “Rusiya uduzdu” və ya “Qərb qazandı” şəklində qiymətləndirmək natamam yanaşma olardı.
Paşinyanın qələbəsi Azərbaycan və Türkiyənin maraqları prizmasından da maraq doğurur. M.Gökhan bildirir ki, Nikol Paşinyanın siyasi gücünü qoruyub saxlaması Ankara və Bakı baxımından diqqətlə izlənilir. Ermənistanda həm daxili ictimai rəyi idarə edə biləcək, həm də sülh prosesini irəli apara biləcək güclü alternativ siyasi liderlik hələ görünmür:
“Azərbaycan baxımından nəzər saldıqda, Paşinyanın son illərdə atdığı bəzi addımların əvvəlki erməni hakimiyyətlərindən fərqləndiyi görünür. Xüsusilə Azərbaycanın ərazi bütövlüyünün tanınmasına yönəlik açıqlamaları və regional normallaşma mesajları mühüm dəyişiklikdən xəbər verir. Hərçənd Bakının nəzərində bütün problemlər hələ həll olunmayıb, lakin mövcud hakimiyyətin keçmişdəki daha sərt və revizionist yanaşmalardan müəyyən dərəcədə uzaqlaşdığı söylənilə bilər.
Türkiyə baxımından isə məsələ yalnız Ermənistanla münasibətlərin normallaşdırılması deyil. Əsas məsələ Cənubi Qafqazda davamlı sabitliyin təmin edilməsi və regional bağlantısallığın inkişaf etdirilməsidir. Ankaranın uzun müddətdir dəstəklədiyi nəqliyyat dəhlizləri, iqtisadi inteqrasiya və regional əməkdaşlıq hədəfləri Ermənistanın daha praqmatik xəttə yönəlməsi ilə daha tətbiqolunan xarakter qazana bilər. Xüsusilə Orta Dəhlizin artan strateji əhəmiyyəti və Bakı–Tbilisi–Qars xəttinin yüksələn rolu regional sabitliyin dəyərini daha da artırır. Bu səbəbdən, Paşinyanın siyasi uğurunu qiymətləndirərkən əsas meyar onun Qərbə yaxınlığı deyil, regional sülh və normallaşma prosesinə nə dərəcədə töhfə verəcəyidir. Əgər İrəvan sülh sazişi, sərhədlərin açılması və regional inteqrasiya istiqamətindəki iradəsini davam etdirərsə, Paşinyanın hakimiyyətdə qalması həm Türkiyə, həm də Azərbaycan baxımından müsbət nəticələr doğura bilər”.
Xatırladaq ki, Paşinyan seçkidən əvvəl də, sonra da dəfələrlə Moskva, hətta birbaşa Putin tərəfindən iqtisadi-ticari müstəvidə hədələndi. Sonda o, şifahi də olsa, öhdəlik götürdü ki, Qərblə yanaşı, Rusiyanın rəhbərlik etdiyi Avrasiya İqtisadi İttifaqında aktiv olacaq. Hazırda ən mühüm suallardan biri Rusiyanın Ermənistanı əvvəki kimi, öz təsirində saxlamasının mümkün olub olmadığıdır.
Ekspert qeyd edir ki, Rusiyanın Ermənistan üzərindəki təsirinin tamamilə aradan qalxacağını söyləmək mümkün deyil. Moskvanın keçmişdə olduğu kimi, İrəvanın xarici siyasət və təhlükəsizlik seçimlərini təkbaşına müəyyən edən aktor olmaq qabiliyyəti getdikcə zəifləyir. Bu vəziyyət yalnız Paşinyanın seçimləri ilə deyil, həm də Cənubi Qafqazda və beynəlxalq sistemdə baş verən struktur dəyişikliklərlə bağlıdır:
“Sovet İttifaqı dağılandan sonra Ermənistanın təhlükəsizlik arxitekturası böyük ölçüdə Rusiyaya əsaslanırdı. 2020-ci il Qarabağ müharibəsi və sonrasında baş verən hadisələr Ermənistanda Rusiyanın təhlükəsizlik təminatçısı roluna dair ciddi suallar yaratdı. Bu proses Paşinyan hakimiyyətini xarici siyasət və təhlükəsizlik sahəsində alternativlər axtarmağa yönəltdi.
Ermənistanın Avropa İttifaqı, ABŞ və Fransa ilə münasibətlərini inkişaf etdirməsi, eyni zamanda Hindistanla müdafiə əməkdaşlığını genişləndirməsi onun tək mərkəzdən asılı qalmaq istəmədiyini göstərir. Bununla yanaşı, Rusiya enerji sektoru, ticarət, investisiyalar və Avrasiya İqtisadi İttifaqı vasitəsilə Ermənistan üzərindəki təsirini davam etdirir. Bundan əlavə, Moskva Cənubi Qafqazı strateji maraq zonası kimi görməkdə davam edir. Bu səbəbdən də, qarşıdakı dövrdə Rusiya–Ermənistan münasibətlərində tam qopmadan daha çox yeni balans axtarışının meydana çıxması ehtimal olunur. Rusiya öz təsirini qoruyacaq, lakin keçmişdə malik olduğu müstəsna nüfuz sahəsini saxlamaq getdikcə çətinləşəcək”.
Paşinyanın Putinlə Azərbaycan əleyhinə hansısa gizli sövdələşməyə getməsi iddialarına gəldikdə isə, trdpert deyir ki, son dövrdə region siyasəti ilə bağlı müxtəlif iddialar irəli sürülsə də, Nikol Paşinyanla Vladimir Putin arasında Azərbaycana qarşı genişmiqyaslı gizli razılaşmanın əldə edildiyini təsdiqləyən konkret və inandırıcı faktlar mövcud deyil. Mövcud geosiyasi mənzərə göstərir ki, bu cür qiymətləndirmələr daha çox siyasi şərh və spekulyasiya xarakteri daşıyır:
“İlk növbədə qeyd etmək lazımdır ki, son illər Moskva ilə İrəvan arasındakı münasibətlər kifayət qədər mürəkkəb və gərgin mərhələdən keçib. Paşinyan hakimiyyəti Rusiyanın regional siyasətini tənqid edib, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) effektivliyini sual altına alıb və Qərblə münasibətlərini inkişaf etdirməyə çalışıb. Buna qarşılıq olaraq Moskva da Ermənistanın bu istiqamətdəki addımlarından narahatlığını müxtəlif formalarda ifadə edib. Bu səbəbdən tərəflər arasında tam strateji uyğunluqdan danışmaq çətindir.
Digər tərəfdən, Rusiyanın Cənubi Qafqaz siyasəti hər hansı bir ölkənin yanında yer almaqdan daha çox, regiondakı bütün aktorlar üzərində təsirini qorumaq prinsipinə əsaslanır. Bundan əlavə, Moskva ilə Bakı arasında enerji, nəqliyyat, ticarət və təhlükəsizlik sahələrində davam edən mühüm əlaqələr mövcuddur. Bu vəziyyət Kremlin yalnız Ermənistanın maraqlarına xidmət edən siyasət yürütməsini ehtimal olunan ssenari etmir.
Dövlətlərarası münasibətlərdə ictimaiyyətə açıqlanmayan diplomatik təmaslar, danışıqlar və qarşılıqlı maraq hesablamaları hər zaman mümkündür. Lakin mövcud şərait və bu günə qədər ortaya çıxan faktlar nəzərə alındıqda, belə təmasları birbaşa Azərbaycana qarşı yönəlmiş gizli razılaşmanın tərkib hissəsi kimi qiymətləndirmək üçün kifayət qədər əsas yoxdur. Mövcud mənzərə daha çox Rusiyanın Cənubi Qafqazdakı nüfuzunu qorumağa çalışdığını, Paşinyan hakimiyyətinin isə Moskva ilə münasibətlərini tamamilə qoparmadan Qərblə yaxınlaşma siyasətini davam etdirdiyini göstərir. Buna görə də Putinlə Paşinyan arasında Azərbaycana qarşı genişmiqyaslı gizli razılaşmanın mövcud olduğu barədə iddialar hazırkı mərhələdə konkret faktlarla dəstəklənən qiymətləndirmədən daha çox spekulyasiya xarakteri daşıyır”.
İndi ən çox müzakirə edilən məqamlardan biri də seçkidə xalqdan aldığı etimadın Paşinyana, Azərbaycanın tələb etdiyi kimi, konstitusiyanı dəyişərək Azərbaycana və hətta Türkiyəyə qarşı ərazi iddialarını çıxarmasına imkan verib-verməyəcəyidir.
Türkiyəli politoloq bildirir ki, əslində, qarşıdakı dövrün ən kritik mövzularından biri məhz bu olacaq. Azərbaycan rəhbərliyi uzun müddətdir ki, davamlı sülh sazişinin qarşısındakı əsas maneələrdən birinin Ermənistan Konstitusiyasında yer alan və Bakı tərəfindən dolayı ərazi iddiası kimi qiymətləndirilən bəzi müddəalar olduğunu bildirir. Bu səbəbdən Azərbaycan sülh sazişinin yalnız siyasi deyil, həm də hüquqi və konstitusion səviyyədə təminat altına alınmasını istəyir:
“Paşinyanın son illərdəki açıqlamalarına nəzər saldıqda, Ermənistanın yeni regional reallıqlara uyğunlaşmalı olduğu yanaşmasını mənimsədiyi görünür. Xüsusilə 2020-ci ildən sonra formalaşan güc balansı İrəvanı daha praqmatik siyasətlərə yönəldib. Paşinyan da müxtəlif hallarda konstitusion islahatlara ehtiyac olduğunu vurğulayıb və ölkəsinin gələcəyinin yeni regional şərtlər çərçivəsində formalaşdırılmasının vacibliyini qeyd edib. Seçkilərdən əldə etdiyi siyasi legitimlik ona bu məsələdə mühüm fəaliyyət imkanı yaradır. Konstitusiya dəyişikliyi yalnız siyasi iradədən asılı deyil. Ermənistanda milliyyətçi dairələrin, müxalifətin və diasporun daxilində bu cür addımlara qarşı ciddi etirazların yarana biləcəyi unudulmamalıdır. Buna görə də proses hüquqi olduğu qədər siyasi və ictimai transformasiyanı da tələb edir.
Bununla yanaşı, Ermənistanın iqtisadi inkişaf hədəfləri, Türkiyə ilə normallaşma prosesi, regional nəqliyyat xətlərinin açılması və beynəlxalq investisiyaların artırılması daha sabit regional mühiti zəruri edir. Bu səbəbdən konstitusion islahatlar yalnız Azərbaycanın tələbi deyil, eyni zamanda Ermənistanın uzunmüddətli maraqları baxımından da mühüm əhəmiyyət daşıyır.
Əgər Paşinyan bu məsələdə zəruri siyasi dəstəyi təmin edə bilsə, konstitusiya dəyişikliyi təkcə Azərbaycanla sülh sazişinin yolunu açmayacaq, eyni zamanda Türkiyə–Ermənistan normallaşmasını sürətləndirərək Cənubi Qafqazda daha sabit və əməkdaşlığa əsaslanan yeni bir dövrün formalaşmasına töhfə verəcək”.