Mən Şuşada 3 dəfə olmuşam. Bu mənim ən xoşbəxt günlərimdir. Hər dəfə Cıdır düzünə gedib ordan aşağı baxanda, düşünürdüm ki, bir insan bu qayalarla yuxarı necə dırmaşa bilər, özü də tüfəngini, minamyotunu, yaralı yoldaşını çiyinlərinə alaraq... Biz bu qəhrəmanlığı ancaq “Rembo” filmində görmüşük.
Bu fikirləri hafta.az-a Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli deyib.
Onun sözlərinə görə, Şuşada baş verənlər isə film deyil, bu real həyatdır, həqiqətdir:
"Və məncə bütün universitetlər, institutlar Şuşa Əməliyyatını bir dərs kimi təhlil edib öyrənməlidirlər.
Yəni bizim əsgərlərimizdə çox böyük döyüş ruhu var. Ona görə biz qalib gəldik. Əlbəttə belə də olmalı idi, çünki bu torpaqlar bizim dədə-baba yurdumuzdur, illərdi işğal altında qalmışdı. Dünya bunu görmürdü.
Mən Qarabağ icmasının üzvü idim. Biz Minsk Qrupu ilə azı 10-15 dəfə görüşmüşük. Hər dəfə soruşurdum, bəs mən Şuşanı nə vaxt görəcəyəm. Orda bir polyak var idi, elə hey deyirdi ki, “mütləq görəcəksiz, mütləq görəcəksiz”....Onlarla sonuncu görüşümüzdə dedim ki, sizə inanmıram, biz Şuşanı sizinlə birlikdə görməyəcəyik. Və sağ olsun cənab Prezident, sağ olsun bizim ordumuz, onlar öz sözünü dedi.
O ki qaldı Şuşanın bugünkü musiqisinə əlbəttə ki, biz Cıdır düzündə “Çənlibel” xorunu da eşidəcəyik. Hazırda “Koroğlu” operasından üverturanı eşidirik, “Cəngi”ni eşidirik. Onunla yanaşı “Xarıbülbül” festivalında bütün bəstəkarların -Qara Qarayevin, Fikrət Əmirovun, Tofiq Quliyevin, Rauf Hacıyevin əsərləri səsləndi. Festival ən yüksək səviyyədə keçdi".