Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Şuşa şəhərindən etdiyi müraciətində əksini tapan nikbin notlar, ürəyi uzun illər torpaq həsrəti, xalq qayğısı ilə döyünən, torpaqlarını işğaldan azad etmək üçün hər bir çətinliyə qatlaşan müdrik bir rəhbərin, qayğıkeş insanın ürək çırpıntıları, həssas duyğularıdır. Bu sözləri hafta.az-a açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.
Komitə sədri qeyd edib ki, Şuşanı görmək, işğal altında olan torpaqları erməni təcavüzkarlarından təmizləmək, qaçqın və köçkünləri sevindirmək, öz ata - baba yurdlarına qaytarmaq Ulu Öndərimiz Heydər Əliyevin, eləcə də torpaq uğrunda canlarından keçən şəhidlərimizin müqəddəs amalı, arzusu idi.
“Cənab İlham Əliyev təəssüflənir ki, onlar bu günü - Şuşanın, əsir torpaqlarımızın azad olunmasını görmədilər və həm də sevinclə qeyd edir ki, “Bu gün atamın, bu günü görmədən həyatdan getmiş yüz minlərlə insanın ruhu şaddır”. Azərbaycan Prezidentinin müraciətini həyəcansız oxumaq və dinləmək mümkün deyildir. Çünki bu müraciət milyonlarla azərbaycanlının və səsimizə səs verən bütün insanların qəlbinin səsidir. Xalqımız bu səsi 30 il ağlaya - ağlaya, inləyə - inləyə gözlədi və həm də bu günün gələcəyinə inandı. Ona görə inandı ki, Ulu Öndərimiz Heydər Əliyev də bu günün gələcəyinə inamlı idi, mütləq Şuşamıza, Ağdamımıza, Fizuliyə, Kəlbəcərə - işğal altında olan torpaqlarımızı azad edib doğma yurdlarımıza qayıdacağımızı bildirirdi və qətiyyətlə xalqını dözümlü olmağa səsləyirdi. Bu, torpağa sevgi, vətənə məhəbbət və böyük uzaqgörənlik idi. Ümummilli Liderimiz bilirdi ki, nahaq qan yerdə qalmayacaq, haqq - ədalət mütləq öz yerini tapacaq və özü kimi inandığı, etibar etdiyi oğlu İlham Əliyev onun arzularını gözündə qoymayacaqdır, torpaqlarımızı düşməndən təmizləyəcəkdir.
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev atasının doğum günündə Şuşadan bəyan edir: “Andıma sadiq oldum, bu gün Qarabağ azaddır”. O, bunu söyləməklə Ulu Öndərimiz Heydər Əliyevin, minlərlə şəhidlərimizin ruhunu sevindirir, qazilərimizin yaralarına məlhəm qoyur, qəlbi torpaq həsrəti ilə döyünən minlərlə insanın ağrı - acılarını unutdurur, gözlərinə işıq, ürəklərinə təpər verir. Bəli bu gün Şuşamız, torpaqlarımız azaddır, sevinc içərisindədir. Həm də bu günü görmək arzusu ilə dünyasını dəyişənlərin ruhu azaddır, sevinir. Bəli hamımız sevinirik, qürur duyuruq, öyünürük. Bu qüruru sevinci xalqımıza bəxş edən Prezidentimizə, igid əsgər və zabitlərimizə, qələbəmizə dəstək verən, uğurlarımıza sevinən hər bir kəsə minnətdarıq”, deyə Tahir Rzayev bildirib.