Suverenliyimizə ən ciddi təhdid siyasiləşmiş və radikal islamdır – Millət vəkili

12:42 02.05.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Prezident İlham Əliyevin rəhbərliyi ilə İranla gərginliyin azaldılması, ölkələrimiz arasında münasibətlərin normallaşdırılması istiqamətində mühüm addımlar atılır. Son günlər İran tərəfinin ölkəmizə qarşı siyasətində də müsbət dəyişikliklər hiss olunur.

Hafta.az xəbər verir ki, bunu deputat Ceyhun Məmmədov parlamentin bu günkü plenar iclasında çıxışı zamanı deyib.

Deputat bildirib ki, hazırkı dönəmdə bu addımların atılması çox önəmlidir: “İnsanlarımız bilməlidir ki, nə İran bu bölgədən gedəndir, nə də Azərbaycan. Biz mütləq normal qonşuluq münasibətləri qurmalıyıq”.

Onun sözlərinə görə, bir neçə gündür mediada davamlı olaraq ölkəmizdə "kərimə" dövləti qurmağa çağırış edən, Azərbaycan gənclərini bu məqsədlə təşkilatlanmağa, təxribatlar törətməyə təhrik edən iki şəxsin Tohid İbrahimbəyli və Orxan Məmmədovun həbsi ilə bağlı məlumatlar yayılmaqdadır.

“O da məlumdur ki, İranda oturub ölkəmizə qarşı davamlı təxribat xarakterli çıxışlar edənlər yalnız bu iki şəxs deyil. Düşünürəm münasibətlərin daha da normallaşdırılması, gələcəkdə belə fəaliyyətlərin davam etdirilməməsi üçün İran tərəfi hər iki şəxsi ən qısa vaxtda Azərbaycana təhvil verməlidir. Bu edilmədiyi və onlar azad olunduğu təqdirdə həmin şəxslər ölkələrimiz arasında münasibətlərin gərginləşməsinə və pozulmasına yönəlmiş fəaliyyətləri,  Kərimə dövləti ilə bağlı çağırışları davam etdirəcəklər.

Onu da qeyd edim ki, bütün bunlara paralel olaraq ölkə daxilində də radikal təriqətlərin, ölkəmizin həyata keçirdiyi siyasətə qarşı təbliğat aparan şəxslərin həbsi davam etdirilməlidir. Əslində, son günlər hüquq mühafizə orqanları bu istiqamətdə çox ciddi addımlar atmaqdadırlar. Ancaq bu da reallıqdır ki, onların sayı on minlərlərdir.

Eyni zamanda, ölkəmizdə dini fəaliyyət sahəsində islahatlar sürətləndirilməlidir. Biz islahatlarda gecikməməliyik. Bu gün Azərbaycanın müstəqilliyi və suverenliyi üçün ən ciddi təhdidi siyasiləşmiş və radikal islam təşkil edir. Hələ də bir sıra bölgə və məscidlərimizdə bu təfəkkür və düşüncədə olan din xadimləri fəaliyyət göstərməkdədir. Bu çox ciddi məsələdir.

Biz indidən bu istiqamətdə ciddi addımlar atmasaq, islahatlar həyata keçirməsək gələcəkdə çox ciddi təhdidlərlə yenidən üz-üzə gələcəyik. Bunun üçün kompleks tədbirlərin həyata keçirilməsini davam etdirməliyik”.

Siyasət rubrikasından digər xəbərlər