Əfqanıstanın indiki iqtidarı tərəfindən qadınlara qoyulan çoxsaylı məhdudiyyətlər Talibana “həm daxili, həm də beynəlxalq legitimlik” bahasına başa gəlir.
Hafta.az-ın UN News-a istinadən yazdığına görə, bu sözləri BMT-nin yüksək vəzifəli rəsmisi Roza Otunbayeva deyib.
BMT-nin Xüsusi Nümayəndəsi olan Otunbayeva Təhlükəsizlik Şurasına ölkənin üzləşdiyi ağır vəziyyət və beynəlxalq yardım səyləri, Taliban-nın fərmanları ilə işləmələrinə maneə yaradılan BMT-nin qadın işçiləri haqqında məlumat verib.
“Biz milli heyətimizi təhlükəyə atmayacağıq və buna görə də onlardan ofisə hesabat verməmələrini xahiş edirik” deyən Otunbayeva, həmçinin rəhbərlik etdiyi BMT-nin Yardım Missiyası UNAMA-nın onları kişi işçilərlə əvəz etmək niyyətində olmadığını bildirib.
BMT rəsmisi Talibanın ona qadağa ilə bağlı heç bir izahat vermədiyini və “onun ləğv ediləcəyinə dair heç bir təminat olmadığını” əlavə edib.
O, bütövlükdə kişi rəhbərliyə onların fərmanlarının və ictimai həyatda qadınlara qoyulan məhdudiyyətlərin yaratdığı maneələr, o cümlədən ibtidai səviyyədən kənarda məktəb təhsilini rədd etmək, parklara, idman zallarına getməyə və ictimai həyatda rol oynamağa yasaqlar barədə söz açıb. Bildirib ki, Taliban qadın və qızlara qarşı insan haqlarını sıxışdırmağa davam etsə də, “onların hökumətinin tanınması demək olar ki, mümkün deyil”.
R.Otunbayeva UNAMA-nın ölkədəki vətəndaş cəmiyyəti ilə əlaqəsinə əsaslanaraq deyib: “O da aydındır ki, bu fərmanlar Əfqanıstan əhalisi arasında çox populyar deyil. Onlar Talibana həm daxili, həm də beynəlxalq legitimlik bahasına başa gəlib, eyni zamanda öz əhalisinin yarısını əziyyətə salıb, iqtisadiyyata ziyan vurublar”.
UNAMA rəhbəri səfirləri və beynəlxalq ictimaiyyəti Əfqanıstan iqtisadiyyatının gələcək sabitliyini təmin etmək üçün daha çox iş görməyə çağırıb.
“Qadın hüquqlarının diqqətdə olması Taliban idarəçiliyinin bəzi “daha müsbət nailiyyətlərini” də kölgədə qoyub” deyən Otunbayeva tiryək əkininə qoyulan qadağanın getdikcə artan sübutlarını xatırladıb.
İnflyasiyanın aşağı düşməsi və valyuta məzənnələrinin sabit qalması ilə iqtisadiyyat da “sabit qalır və bu qismən yüksək səviyyədə korrupsiyanın azalması ilə əlaqədardır.
Narahatlıq doğuran digər sahələrə gəlincə, UNAMA rəhbəri bildirib ki, birgə terrorla mübarizə səylərinə baxmayaraq, İŞİD-KP terror qruplaşması həm Taliban rəsmilərini, həm də mülki şəxsləri hədəf almağa davam edir.