Tarif Şurasının yeni qərarı - bahalaşma nəqliyyat, kənd təsərrüfatı sektorlarında hiss olunacaq

16:18 05.01.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Məlum olduğu kimi, bu gündən etibarən Tarif Şurasının qərarı ilə ölkədə Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edilib.

Qeyd edək ki, pandemiya səbəbindən 2020-ci ilin əvvəlindən dünya bazarlarında neftin qiymətlərində azalma müşahidə olunsa da, ilin sonuna yaxın COVİD-19-a qarşı vaksinin tapılması və əksər ölkələrdə məhdudiyyətlərin nisbətən yumşaldılması enerji qiymətlərində artıma gətirib çıxarıb. Bu, benzin, dizel yanacağın və digər neft məhsullarının qiymətinə də təsir edir. Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, 2019-cu ildə dünyada benzinin orta qiyməti bir litrə görə 0,91 dollar olduğu halda, 2020-ci il dekabrın sonunda artıq 1,04 dollar (1,77 manat) təşkil edib ki, bu da il ərzində 14 faiz artım deməkdir.Türkiyədə benzin qiyməti 2020-ci ilin mart ayında bir litrə görə 5,5 lirəyə düşdüyü halda, indi 7,2 lirə (1,66 manat) civarındadlr -  yəni 32 faizlik artım var. Gürcüstanda martda 2,2 lariyə olan benzin ötən ay artıq 2,4 lari (1,25 manat) təşkil edib. Ukraynada ötən ilin noyabr-dekabr aylarında yanacağın qiyməti 4 faiz bahalaşıb. Rusiyada yeni il qabağı Aİ-95 benzininin qiyməti 7faiz artıb.

Ötən ilin sonundan etibarən bu tendensiya artıq Avropa da özünü göstərməyə başlayıb. Noyabr-dekabr aylarında Avropada dizel yanacağının qiymətində 29 faiz artım qeydə alınıb. Ümumiyyətlə, hazırda  bəzi ölkələrdə benzin və dizelin  qiyməti aşağıdakı kimidir:

Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün:

Rusiyada 1,0 manat;

Ukraynada 1,72 manat;

Belarusda 1,14 manat;

Gürcüstanda 1,12 manatdır.

1 litr üçün dizel yanacağının qiyməti;

Türkiyədə 1,44 manat;

Rusiyada 1,12 manat;

Ukraynada 1,72 manat;

Belarusda 1,21 manat;

Ermənistanda 1,19 manat;

Gürcüstanda 1,15 manat səviyyəsindədir.

Azərbaycana gəlincə isə son illər ölkəmizdə avtomobil idxalı benzinə və dizelə tələbat yüksəlib. Bunun əsas səbəblərindən biri avtomobil idxalının əhəmiyyətli dərəcədə artmasıdır. Belə ki, 2018-ci ildə 28.876, 2019-cu ildə 47.710, 2020-ci ilin 11 ayında isə 47.841 avtomobil idxal edilib. İdxalın artmasına analoji olaraq, benzinə və dizelə tələbat da yüksəlib.

Onu da vurğulamaq yerinə düşər ki, Azərbaycanda dizel yanacağı üzrə sonuncu qiymət artımı 2013-cü ildə, Aİ-92 markalı benzin üzrə isə 2017-ci ildə baş verib. Statistikaya görə, həmin dövrlərdə respublika üzrə orta aylıq əmək haqqı uyğun olaraq 425,1 manat və 528,5 manat təşkil edib. 2013-2020-ci illərdə ölkədə orta aylıq əmək haqqı 66 faiz, pensiyalar 73 faiz artıb. Ötən ilin 10 ayında (yanvar-oktyabr) orta aylıq əmək haqqı 704,5 manat təşkil edib.

Hökümətdə hesab edirlər ki, Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiymətinin artırılması bu məhsulların keyfiyyətinin yüksək avrostandartlara çatdırılması, ekoloji mühitin yaxşılaşdırılması, neft emalı sənayesində yenidənqurma və modernləşdirmə işlərinin davam etdirilməsi məqsədi daşıyır. 2022-ci ilin iyun ayınadək dizel yanacağının, 2023-cü ilin iyun ayınadək isə Aİ-92 markalı avtomobil benzininin AVRO-5 standartına tam uyğunlaşdırılması nəzərdə tutulur. Tarif tənzimlənməsində konservativ yanaşma, enerji tariflərinin mümkün olan ən aşağı səviyyədə saxlanılması, əhalinin sosial müdafiəsi, istehsal subyektlərinin ucuz enerji ilə təmin edilməsi və s. kimi amillər nəzərə alınıb. Dizel yanacağından istifadənin ekoloji zərərini nəzərə alaraq, daha çox benzin istehlakına keçilməsi məqsədilə onların arasında qiymət fərqi azaldılıb.

Digər tərəfdən hökümətin təhlillərinə görə, Aİ-92 markalı avtomobil benzini əsasən, şəxsi minik avtomobillərində istifadə olunduğundan istehlak bazarında ciddi qiymət artımına səbəb olmayacaq. Misal üçün, bir avtomobil çəninin orta benzin tutumu 50 litr götürülərsə, avtomobil sahibi bir çənin tam doldurulması üçün əlavə 5 manat, dizellə işləyən avtomobil sahibi isə əlavə olaraq 10 manat ödəyəcək. Aİ-92 markalı avtomobil benzini üzrə qiymət tənzimlənməsi ictimai nəqliyyatdan istifadəni və yanacağa qənaət edən avtomobillərə keçidi stimullaşdıracaq. Qiymət tənzimlənməsi nəticəsində dövlət büdcəsinə əlavə daxilolmalar proqnozlaşdırılır ki, yaranan əlavə vəsait ölkədə həyata keçirilən sistemli və davamlı xarakter daşıyan sosial siyasətə uyğun olaraq, sosialyönümlü tədbirlərə yonəldiləcək.

Proqnozlara görə, tarif artımı çox deyil və vətəndaşların ailə büdcəsinə ciddi bir təsir etməyəcək.Tarif dəyişikliyi nəticəsində yaranan əlavə vəsaitdən büdcədən maliyyələşən sahələrin xərclərinin balanslaşdırılmasına da sərf oluna bilər.

Bundan başqa, dizel yanacağının qiymət artımının sərnişindaşıma ilə məşğul olan sahibkarlıq subyektlərinə təsirinin neytrallaşdırılması üçün onlara kompensasiya ödəniləcək. Kompensasiyanın verilməsi mexanizmi yanvar ayının sonunadək açıqlanacaq. Bu, əhalinin, xüsusilə sosial həssas qrupun mənafeyinə xidmət edən, vətəndaşların gündəlik həyatda daha çox istifadə etdiyi ictimai nəqliyyatda tarıf dəyişikliyi aparılmaması üçün atılan mühüm addımdır. Dizel yanacağının qiymət artımının kənd təsərrüfatı sahəsinə təsiri nəzərə alınaraq hökumət tərəfindən ayrılan subsidiyaların məbləğinə yenidən baxılacaq. Qiymət dəyişikliklərinin digər sahələrə təsirinin minimallaşdırılması üçün müvafiq tədbirlər görüləcək. Alternativ yanacaqdan istifadənin genişləndirilməsi üçün dövlət-özəl tərəfdaşlığı müstəvisində imkanlar yaradılacaq. Tarif tənzimlənməsindən sui-istifadəyə, əsassız qiymət artımınına yol verilməməsi üçün nəzarət tədbirləri həyata keçiriləcək.

Mövzu ilə bağlı hafta.az-la fikirlərini bölüşən Neft Araşdırmaları Mərkəzinin rəhbəri, ekspert İlham Şaban vurğulayıb ki, Tarif Şurasının qərarı bəzi sahələrə birbaşa, bəzi sahələrə dolayı yolla təsir edəcək. Onun fikrincə, benzinin və dizel yanacağının bahalaşması xüsusilə nəqliyyat, kənd təsərrüfatı sektorlarında əhəmiyyətli dərəcədə hiss olunacaq:

“Bunu hökümətdə də etiraf edirlər və bildirirlər ki, dizel yanacağının qiymət artımının sərnişindaşıma ilə məşğul olan sahibkarlıq subyektlərinə təsirinin neytrallaşdırılması üçün onlara kompensasiya ödəniləcək. Eyni zamanda, dizel yanacağının qiymət artımının kənd təsərrüfatı sahəsinə təsiri nəzərə alınaraq hökumət tərəfindən ayrılan subsidiyaların məbləğinə yenidən baxılacaq. Qiymət dəyişikliklərinin digər sahələrə təsirinin minimallaşdırılması üçün müvafiq tədbirlər görüləcək. Qeyd edim ki, Azərbaycanda Aİ-92 markalı benzinin və dizel yanacağının bahalaşması 2021-ci ilin sonunadək ölkədə yanacaq bazarının dövriyyəsini 300 milyon manatadək artıra bilər. Amma nəzərə almaq lazımdır ki, həmin vəsaitlər də müvafiq kompensiyaların, subsidiyaların ödənilməsinə yönəldiləcək. Bəlkə də, bizim hələ bilmədiyimiz başqa sosial paketlə sərf olunacaq. Əslində Tarif Şurasının bu qərarına böyük faciə kimi baxmaq doğru olmaz. Çünki 2020-ci nəinki Azərbaycanda, bütövlükdə dünyada iqtisadiyyat kiçilib. Bununla yanaşı, pandemiya ilə bağlı xərclər də artıb. Nəzərə almalıyıq ki, biz həm də ötən il müharibə yolu ilə 30 illik Qarabağ həsrətinə son qoymuşuq. Bütün bu proseslərin hər biri ciddi vəsait tələb edir”.

Qiymət artımının neytrallaşdırılması üçün nəzərdə tutulan kompensasiyanın nə dərəcədə effektli olacağına gəlincə, ekspert hesab edir ki, bazarda rəqabət mühiti olmadıqca nəzərdə tutulan kompensasiya və subsidiyanın ciddi effekti olmayacaq: “Mən həmişə vurğulamışam ki, bizdə yeganə rəqabət mühiti olan bazar taksi bazarıdır. Məsələn, 2013-cü ilin dekabrından Azərbaycanda yanacağın qiyməti nə qədər qalxıb? - ortalama 70 faiz. Bəs taksilərdə gediş haqqı nə qədər artıb? Təqribən 50 ucuzlaşıb. Əvvəllər aeroporta neçəyə gedirdiniz - 20 manata, indi həmin yolu 12-13 manata. Şəhərdə 5 manata əvvəl getdiyiniz yolu indi taksilər 3 manata can-başla aparırlar. Bəs məntiq hanı? Yanacaq bahalaşır, gediş haqqı ucuzlaşır. Cavab sadədir - taksi bazarında liberallaşma baş verdi, qayda-qanun tətbiq edildi və rəqabət yarandı. İndi nəzər salaq aqrar sektora. Sadə bir misal çəkim: həmin dövrdə yanacaq bahalaşmadan əvvəl südün 1 litri 1 manat idi. Hökumət kənd təsərrüfatına subsidiyalar ayırdı. Zaman keçəndən sonra isə istər kənddə, istər şəhərdə süd və süd məhsullarının qiyməti 50 faiz artdı. İndi 1 manat 50 qəpiyə 1 litr süd tapmaq olmaz. Yəni, bizdə rəqabətli sahə demək olar ki, yox dərəcəsindədir. Ona görə də, bu qiymət artımını marketlərdə 10-15 faiz civarında hiss edəcəyik”.

Azərbaycanda 2021-ci il üzrə proqnozlaşdırılan 3,6-4 faiz inflyasiya səviyyəsi qorunub saxlana biləcəkmi sualının cavabında isə ekspert deyib ki, bunu zaman göstərəcək: “Çox güman ki, proqnoz dəyişəcək. Amma yenə də hər şeyi zaman göstərəcək”.

Məsələyə münasibət bildirən millət vəkili, iqtisadçı Vüqar Bayramov isə hesab edir ki, dizel yanacağının qiyməti xüsusən iki sektorda birbaşa xərclərə təsir göstərir:

“Onlardan birincisi kənd təsərrüfatıdır. Bu sektorda istifadə olunan texnikanın əhəmiyyətli hissəsində dizel yanacağından istifadə olunur. Digər təsir sektoru isə ictimai nəqliyyatdır. Amma dizel yanacağının qiymətindəki artımlardan sonra hər iki sektor üzrə dəstək paketinin genişləndirilməsi gözlənilir. Məsələn, ilin yeni başlanmasını nəzərə alsaq, kənd təsərrüfatında subsidiyaların məbləğinin yenidən hesablanması və artırılması mümkündür. O baxımdan biz də təklif edirik ki, aqrar sektorda subsidiyaların məbləği 2021-ci il üzrə hesablanan zaman dizel yanacağındakı qiymət artımı nəzərə alınsın. Bu zaman dizel yanacağının qiymətinin atmasının kənd təsərrüfatı məhsullarının bahalaşmasına təsirlərini minimumlaşdırmaq olacaq. Subsidiya məbləğinin artırılması nəticə etibarı ilə imkan verəcək ki, aqrar sektorda istehsal olunan kənd təsərrüfatı məhsullarının qiymətlərindəki potensial artımın qarşısı alınsın, qiymətlərdəki stabilliyi qoruyub saxlamaq mümkün olsun".

V.Bayramovun sözlərinə görə, Tarif Şurasının qərarında qeyd olunduğu kimi hökumət ictimai nəqliyyatda sərnişindaşıma ilə məşğul olan sahibkarlar üçün dəstək mexanizmi hazırlayır: "Dəstək mexanizmində xüsusən dizel yanacağının qiymətinin artmasından yaranan fərqin nəzərə alınması və buna uyğun olaraq ictimai nəqliyyatda sərnişindaşıma ilə məşğul olan şirkətlərə xüsusi dəstəyin nümayiş etdiriləcəyi gözlənilir. Bu, ictimai nəqliyyatda fəaliyyət göstərən sahibkarların xərclərinin optimallaşdırılması baxımından əhəmiyyətlidir. Rəsmi olaraq ictimai nəqliyyatda qiymət artımlarının olmayacağı barədə məlumat verildi. O konteksdən dizelin qiymətinin artımındakı fərqin ictimai nəqliyyat sektorunda olan sahibkarlar üçün dövlət tərəfindən dəstək formasında ödəniləcəyi gözlənilir".

Bundan əlavə, deputat hesab edir ki, qiymət artımlarının psixoloji tərəflərinin olmasını nəzərə alıb, istehlak bazarındakı monitorinqlər gücləndirilməlidir: "Xüsusən süni qiymət artımlarına qarşı mübarizənin gücləndirilməsi çox vacibdir. Dizel və benzinin qiymətinin artmasının təsir etmədiyi sektorlarda süni şəkildə qiymət artımının baş verməməsi üçün monitorinqlərin gücləndirilməsinə ehtiyac var. Bu monitorinqlər hansı məhsulların xərclərinə qiymət artımlarının təsir etdiyini, hansılarına təsir etmədiyini müyyənləşdirmək baxımından əhəmiyyətlidir".