Kənd Təsərrüfatı Nazirliyi mütəmadi olaraq əkin sahələrinin yandırılması ilə bağlı fermerlər arasında maarifləndirmə işləri həyata keçirir.
Bu fikirləri hafta.az-ın sorğusuna cavab olaraq Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov deyib.
“Biz aprel ayından başlayaraq fermerlər arasında mütəmadi maarifləndirmə işləri aparmışıq. Bu işləri yerlərdə Dövlət Aqrar İnkişaf Mərkəzləri yerli icra strukturları ilə bərabər həyata keçirirlər. Bilirsiniz ki, mövcud qanunvericiliyə əsasən, biçindən sonra kövşənliyin yandırılması məsuliyyət yaradır.
Nəticə etibarilə buna görə fermerlər cərimələnirlər. Təbii ki, burada məqsəd kimisə cərimələmək deyil. Maarifləndirmə işlərinin aparılmasında əsas məqsəd odur ki, torpağın üst qatı qorunsun. Kövşənliyin yandırılması torpağın üst qatına, humus qatına çox ciddi zərər verir və növbəti ildə məhsuldarlığa mənfi təsir göstərir.
Artıq dördüncü ildir ki, bu məsələ təlim proqramına daxil edilib və mütəmadi olaraq iş aparılıb. Ən azı 2021-ci ilin monitorinq nəticələrini ötən illərlə müqayisə etsək, deyə bilərik ki, maarifləndirmə işlərinin ciddi nəticələri var. Bu il çox az sayda kövşənliklərdə yanğın hadisələri qeydə alınıb. Bunların da böyük əksəriyyəti yol kənarlarında maşınlar hərəkət edərkən atılan siqaret kötüyündən ya da plastik şüşələrin atılmasında baş verib.
Amma fermerlər tərəfindən məqsədyönlü şəkildə kövşənliyin yandırılması halları bu il demək olar ki, qeydə alınmayıb. Onu da qeyd edim ki, bu kimi hadisələrin aradan qaldırılması və qabaqlayıcı tədbir kimi artıq 3 ildir ki, ölkəyə samandoğrayıcısı olan kombayn gətirilib. Biçin prosesi getdikcə həmin samanı aqreqat eyni zamanda kiçik hissələrə bölərək sahəyə səpir.
Bu da torpağın kalium gübrəsinə olan ehtiyacının ödənməsində mühüm rol oynayır. Maarifləndirmə işlərində fermerlərə bunun bütün mərhələləri izah olunur. Artıq fermer kövşənliyi yandırmağa ehtiyac duymur və biçin qurtaran kimi şum aparır. Bunun nəticəsidir ki, hər il məhsuldarlıqda artım müşahidə edilir.
Biz bir daha əmin olduq ki, maarıfləndirmə işləri vacibdir. Düzdür, fermer öz məsuliyyətini başa düşür, amma eyni zamanda, dövlət tərəfindən konkret istiqamətlər üzrə maarifləndirmə işləri aparılırsa, problem tam şəkildə aradan qaldırılır.
Yəni, bir ənənə formalaşır və nəticə etibarilə 1-2 ildən sonra fermerə kövşənliyi yandırmayın deyə bir maarifləndirmə işi aparmağa ehtiyac qalmayacaq. Çünki artıq bütün vətəndaşlar bunu başa düşür və bunun da nəticəsini daha çox məhsul almaqda görür. Bu baxımdan nazirlik maarifləndirmə işlərini mütəmadi olaraq davam etdirir”.