Teatrlar son qərardan məmnundurlar - SORĞU

16:22 18.03.2022 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Bildiyiniz kimi, mart ayının 6-dan etibarən Azərbaycanda mədəniyyət obyektlərində say məhdudiyyəti ləğv olunub. Hazırda 10 günə yaxındır ki, teatrlar da öz tamaşaçılarını say məhdudiyyəti olmadan qəbul edir. Bəs görəsən, uzun müddət davam edən məhtudiyyətlərin ardından sözügedən mədəni mərkəzlərdə vəziyyət nə yerdədir?

Hafta.az-ın əməkdaşı mövzunu araşdırmaq üçün teatrlarla əlaqə saxladı.

İlk olaraq, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının mətbuat xidmətinin katibi Pərvin Nurəliyeva saytımıza açıqlamasında bildirdi ki, Gənc Tamaşaçılar Teatrına tamaşaçı marağı hər zaman yüksək olub. Buna görə də, say məhdudiyyətinin aradan qaldırılması həm rəhbərliyin, həm də teatrsevərlərin ürəyincədir:

“Demək olar bir çox tamaşalarımız dolu zallarla, anşlaqla keçir. İzləyicilərin diqqəti sarıdan heç bir şikayətimiz yoxdur. Təbii ki, zalın 50% tutumunun dolmasına icazə verilməsi məsələsi bizə də təsir edirdi. İndi şükürlər olsun ki, dünya pandemiya bəlasından xilas olmağa doğru gedir, qoyulan məhdudiyyətlər də yavaş-yavaş götürülür. Bildiyiniz kimi hal-hazırda teatrımızda təmir işləri gedir. Bu səbəbdən böyük tamaşalarımız Teatr Xadimləri İttifaqının zalında səhnələşdirilir”.

Qiymətlərə gəldikdə isə, mətbuat katibi söyləyir ki,  teart bilet satışı məsələsində sərbəstdir. Burada qiymətin tənzimlənməsi rəhbərliyin qərarından, tamaşanın maddi-texniki bazasından asılıdır:

“Hələ ki, Gənc Tamaşaçılar Teatrı ortalama bilet qiyməti müəyyənləşdirib və yaxın zamanda bu qiymətlərdə hər hansı dəyişiklik gözlənilmir”.

P.Nurəliyeva onu da qeyd etdi ki, Gənc Tamaşaçılar Teatrının böyük zalı təmirdə olduğu üçün yaya doğru tamaşalar arasındakı intervalların  qısaldılması ilə bağlı yenilik gözlənilmir:

“Teatrımız öz zalında fəaliyyət göstərəndə qış tətili ərəfəsində uşaq tamaşalarının sayını artırırdıq. Teatrın böyük zalı təmirdə olduğu üçün yaya doğru tamaşalar arasındakı intervalların  qısaldılması ilə bağlı yenilik gözlənilmir. Hazırda Teatr Xadimləri İttifaqının zalını icarəyə götürmüşük. Ola bilsin müəyyən günlərdə Teatr Xadimləri İttifaqının özünün tamaşaları olacaq”.

Bakı Uşaq və Gənclər Teatrının Ədəbi Hissə müdiri Leyla Həşimova da məhdudiyyət aradan qaldırıldıqdan sonra teatrda bilet satışlarının artdığını söylədi:

“Əsas zalımız 278 nəfərlikdir. Əvvəllər məcbur qalıb tamaşaçı sayını 150 nəfərdən yuxarı etmirdik. Ötən həftə göstərilən tamaşamızda isə nəhayət əvvəlki qayda ilə izləyicilərimizi qəbul edə bildik. Bu da təbbi olaraq bilet satışlarının artmasına şərait yaratdı. Bilirsiniz ki, ünvanımız şəhərdən kənarda – Qaraçuxurda yerləşir. Zalların 50%-lik hissəsinin dolmasına icazə verilən vaxtlarda, uzaq yerlərdən gələn izləyiciləri say məhtdiyyəti baxımdan qəbul edə bilmədikdə pis olurduq. Həm də izləyicilərimiz uşaqlardır deyə, balacalar bizdən küsürdülər. İndi məhtudiyyətin götürülməsi bizi bir xeyli məmnun etdi”.

L.Həşimova güman edir ki, növbəti aylardan etibarən Bakı Uşaq və Gənclər Teatrında yaya doğru tamaşaların sayı artırılacaq:

“Pandemiyadan əvvəl tamaşalar arasında intervalları qısaldırdıq. Hazırda həftədə 1 dəfə tamaşamız olur. Pandemiyadan öncə isə həftə ərzində bir neçə dənə tamaşa göstərilirdi. Pandemiya ilə bağlı işlər bir müddət dayandı. Fəaliyyət bərpa edildikdən sonra isə hələ ki intervallar azaldıla bilməyib. Yəqin ki, yaya doğru tamaşaların sayı bir qədər artırılacaq”.

Mətbuat katibi onu da vurğuladı ki, Bakı Uşaq və Gənclər Teatrında biletlərin qiyməti pandemiyadan öncə necəydisə, hazırda da eyni olaraq qalır:

“Bizdə biletlər hələ pandemiya başlamamışdan öncə 3 manat idi. Daha sonra say məhdudiyyəti olmasına baxmayaraq, qiymətlər dəyişmədi. Hazırda da 1 bilet 3 manata satılır”.

Sorğumuzun növbəti müsahibi Akademik Milli Dram Teatrının mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı oldu. O. Bildirdi ki,  Nazirlər Kabineti yanında Operativ Qərargahın Teatr müəssisələrində mövcud olan qadağalarla bağlı qərarı tartr ictimaiyyəti tərəfindən çox böyük məmnuniyyətlə qarşılandı:

“2 ilə yaxın teatrlar bağlı oldu. Daha sonra isə yerlərlə bağlı məhdudiyyət tətbiq edildi. Sevindirici haldır ki, artıq teatrlar izləyicilərini məhdudiyyət olmadan qəbul edə bilir”.

C.Zeynallı, bilet qiymətləri və intervallarla bağlı dəyişikliklərin gözlənilmədiyini də vurğuladı:

“Biletlərin qiymətlərində dəyişiklik yoxdur. Biletlər 6-10 manat arasında dəyişir. Bir neçə gün əvvəl yeni tamaşanın premyerasını keçirdik. Tamaşaçılarımız tərəfindən böyük maraqla qarşılandı. Hazırda teatrda Novruz məşqləri davam etdirilir. Tamaşa, azyaşlı izləyicilərimiz üçün ayın 18-dən etibarən nümayiş olunacaq. İntensivlik məsələsinə gəldikdə isə cari repertuarda hər hansı dəyişiklik gözlənilmir. Çünki tamaşa sayı təxminən 20, 22 və 25 arası olur. Bu şəkildə də davam edəcəkdir”.

Nizami Kino Mərkəzinin direktoru Leyli Mirzəyeva da tamaşaçı sayı ilə bağlı qərarın ləğvindən məmnunluq ifadə etdi. Leyli xanım vurğuladı ki, tədbirlər zamanı iştirakçı sayı əvvəlkindən xeyli çoxdur.

Bilet qiymətlərinə gəldikdə isə, direktor bildirdi ki, zalın 50%-lik tutumunun dolması ilə bağlı məhdudiyyət olduğu vaxtlarda biletlər bahalaşmadığı üçün hazırda heç bir endirim gözlənilmir.