Tekstil sektoru üzrə Hindistan-Azərbaycan biznes görüşü keçirilib

16:00 19.01.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Hindistanın ölkəmizdəki səfirliyi, "Texprocil" və "Founder Klub"la birlikdə Azərbaycan və Hindistan tekstil şirkətlərinin nümayəndələrinin iştirakı ilə hibrid rejim tekstil sektoru üzrə Hindistan-Azərbaycan Biznes Görüşü təşkil edib.

Hafta.az-ın yazdığına görə, tədbirdə 20-yə yaxın Azərbaycan şirkəti iştirak edib, hindistanlı həmkarları isə virtual rejimdə tədbirə qatılıblar.

1954-cü ildə yaradılan Pambıq Məhsulları İxracının Təşviqi Şurası və ya Texprocil pambıq tekstil sənayesinin beynəlxalq siması olub, Hindistan şikətlərinin bütün dünyaya pambıq məhsulları ixracını asanlaşdırır.

Hindistan səfirliyinin müvəqqəti işlər vəkili Vinay Kumar açılış nitqində Hindistanın Azərbaycanla iqtisadi əlaqələrinin şaxələndirilməsi üçün geniş imkanların olduğunu vurğulayıb. O, Hindistan tekstil məhsullarının və geyimlərinin dünyanın bir çox yerlərində olduğu kimi Azərbaycanda da həm yerli sahibkarlar, həm də digər qlobal françayzinqlər tərəfindən satışı vasitəsilə artıq yaxşı tanındığını xatırladıb və Hindistanın Azərbaycanda bu sektordakı bazar payının artırılması üçün böyük potensialın olduğunu bildirib. O, həmçinin iştirakçıların nəzərinə çatdırıb ki, müxtəlif sektorlar üzrə Hindistan şirkətləri barədə daha ətraflı məlumatı www.indianbusinessportal.in portalından əldə etmək olar.

Tədbirdə əsas məruzə ilə çıxış edən Texprocil şirkətinin icraçı direktoru Dr Siddhartha Rajaqopal bu işgüzar görüşün Hindistan şirkətləri üçün Azərbaycan bazarı haqqında daha çox məlumat əldə etmək və bu bazara çıxış üçün faydalı bir platforma olduğunu bildirib. O, həmçinin "Texprocil"n 22 və 23 mart 2023-cü il tarixlərində Yeni Dehlidəki Leela Ambience Convention otelində “Ind-Texpo” sərgisini təşkil edəcəyi barədə bəlumat verib. "Ind-Texpo" Sərgisi Texprocil-in ən önəmli tədbiri olub, idxalçılar və ixracatçılar arasında ikitərəfli görüş formatında təşkil olunacaq. Azərbaycanlı iş adamlarının Hindistanda keçiriləcək sərgidə iştirak etməsi və Hindistanlı təchizatçılarla iş görmək imkanı əldə etməsi üçün Texprocil seçilmiş iştirakçıların (məbləğ məhdudiyyəti əsasıında) uçuş bileti və oteldə gecələmə xərclərini ödəyəcək. Sərgi zamanı, ziyarətçi şirkətlər üçün müvafiq sərgi iştirakçıları ilə xüsusi B2B görüşlər təşkil olunacaq.

Tədbir zamanı, "Founder Klub"un Beynəlxalq Əlaqələr üzrə Meneceri Ləman Əzizli Azərbaycan tekstil idxalçılarının əməkdaşlığa marağından və iki ölkə arasında tekstil sektorunda əməkdaşlıq potensialından danışıb.

Görüşdə, pambıq iplikləri, parçalar, uniformalar, ev tekstili və hazır geyim istehsalı ilə məşğul olan 10 Hindistan şirkətinin nümayəndələri öz şirkətləri, istehsal gücü və ixrac potensialı haqqında təqdimatlarla çıxış ediblər. Daha sonra, Azərbaycanın tekstil şirkətlərinin təqdimatları və sual-cavab hissəsində Hindistan və Azərbaycan şirkətləri arasında səmərəli işgüzar müzakirələr aparılıb.

Azərbaycanın statistikasına əsasən, 2022-ci ilin yanvar-noyabr aylarında Hindistan və Azərbaycan arasında ikitərəfli ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 156,5 faiz artaraq 1,859 milyard dollar təşkil edib. Bu dövrdə Hindistan Azərbaycanın beşinci ən böyük ticarət tərəfdaşı olub.