Tələbələri narazı salan təhsil kreditləri - AKTUAL

13:10 13.01.2022 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Məlum olduğu kimi, ötən ilin noyabrından etibarən təhsil tələbə krediti üçün müraciətlərin qəbuluna başlanılıb. Rəsmi məlumata görə, artıq müraciətlərin sayı 4083 nəfər təşkil edir. Onlardan 929 nəfərin müraciəti kreditin rəsmiləşdirilməsi üçün müvəkkil banka göndərilib. Müraciətlərin nəticəsi olaraq, 23 dekabr 2021-ci il tarixində 16 tələbə ilə kredit müqaviləsi bağlanıb və təhsil haqqı təhsil müəssisəsinə köçürülüb.

Qeyd edək ki, təhsil tələbə kreditlərinin verilməsi ölkəmizdə mühüm yenilik sayılır. Bu addımın atılmasında məqsəd təhsilin hamı, xüsusilə də əhalinin aztəminatlı təbəqələrindən olan şəxslər üçün əlçatanlığının təmin edilməsi, təhsildə bərabər imkanların yaradılması və təhsilin əhatə dairəsinin genişləndirilməsidır. Şərtlərlə bağlı müəyyən narazılıqlar var. Təhsil krediti üçün bal məhdudiyyətinin qoyulması, eləcə də qiyabi təhsil alan tələbələrə verilməməsi birmənalı qarşılanmır. Eyni zamanda, tələbələr prosedurun mürrəkkəbliyindən və çox vaxt aldığından gileylənirlər. Elə bu səbəbdən vəsaitə ehtiyacı olan bəzi tələbələr hələ də bu kreditlərdən yararlana bilməyiblər.

Məlumat üçün bildirək ki, hazırda Azərbaycanda 146373 tələbə ödənişli əsasla təhsil alır. Həmin tələbələrdən 98430 nəfəri bakalavriat, 12051 nəfəri magistratura, 35892 nəfəri isə subbakalavriat üzrə təhsil alır. Ödənişli təhsil alan 146 mindən çox tələbənin 20200 nəfəri dövlət hesabına oxuyur. Onlardan da 17500-ü bakalavr, 1200-ü magistr, 1500-ü subbakalavrdır. Ödənişli əsaslarla oxuyan tələbələrdən təhsil haqqı ödəyənlərin sayı 126173 nəfərdir. Onlardan 80930-u bakalavr, 10851-i magistr, 34392 nəfəri isə subbakalavrdır.  Ödənişli əsaslarla təhsil alanlardan Təhsil Tələbə Krediti almaq hüququna malik olan tələbələrin sayı 56208 nəfərdir. Onlardan 40465 nəfəri bakalavr, 5426-sı magistr, 10317-si isə subbakalavrdır. Birinci tədris ilinin ilk semestri üçün tələbələrin standart təhsil tələbə kreditləri (TTK) almaq hüququ olan tələbənin qəbul imtahanında topladığı ümumi balın minimal həddinə gəlincə,bakalavriat səviyyəsi üçün 300-700 bal aralığında, magistratura səviyyəsi üçün 50-100 bal aralığı, subbakalvriyat səviyyəsi üçün 110-300 bal aralığında nəticə göstərənlər ilk semestrdə kredit almaq hüququna malik ola bilərlər. Akademik borcu olan tələbələrə təhsil tələbə krediti verilmir. Müraciət vaxtı son semestr üçün olan nəticələrə baxılır. Normativ təhsil müddətindən artıq təhsil alan tələbələrə də kreditlər verilmir. Təhsili bitirəndən sonra işə düzələ bilməyən və krediti qaytara bilməyən tələbələrin aqibətinə gəlincə, qanunvericiliyə görə, əgər tələbə universiteti bitirdikdən sonra təhsil tələbə kreditini ödəyə bilməsə, bu vəsait məhkəmə qaydasında ondan alınacaq.

Kreditin veriləcəyi müddət tələbənin təhsil pilləsindən və təhsil səviyyəsindən asılıdır. Ali təhsil pilləsinin bakalavriat səviyyəsində təhsil alan tələbəyə veriləcək bu müddət 14-21 il, magistratura səviyyəsində təhsil alan tələbəyə münasibətdə 12-18 il, orta ixtisas təhsil pilləsində və peşə təhsil pillələrinin subbakalavriat səviyyəsində təhsil alan tələbə münasibətdə 12-19 il ola bilər.

Mürəkkəb sənədləşmə tələbələrin işini çətinləşdirib

Mövzu ilə bağlı hafta.az-a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, əslində tələbə kreditlərinin verilməsi təhsil sahəsində inqilabi yenilik sayılmalıdır.

Onun sözlərinə görə, bəzi məsələlər həllini taparsa, yenilik özünü doğrulda bilər: “Bəzi məsələlər var ki, tələbələrlə yanaşı, bizi də narahat edir. Misal üçün, sənədləşmə prosesi çox çətindir. Düşünürəm ki, gələcəkdə proses daha da sadələşdirilməlidir. Tələbələr hər hansı notarius və digər yerlərdən sənəd almadan krediti götürməlidirlər. Düzdür, müvafiq dövlət qurumu fikirləşir ki, öhdəlik məsələsi var. Yəni, yaşı 18 olmamış şəxslərə kreditlər vermək olmaz. Hesab edirəm ki, bu istehlak krediti deyil və təhsilli şəxs artıq öz qərarını verib. Kreditlərin verilməsi ilə bağlı qaydalar sadələşdirilərsə, mövcud narahatlıqlar da aradan qalxar. Bu prosesi çox sadə bir yolla həyata keçirmək olar. Hər bir şəxsin fərdi identifikasiya kodu var. Eyni zamanda, tələbə olan şəxsin tələbə-məzun sistemində zəruri məlumatları mövcuddur. Həmin məlumatlardan istifadə etməklə prosesi xeyli asanlaşdırmaq olar. Düşünürəm ki, aidiyyəti qurumlar cəmiyyətdən gələn təklifləri nəzərə almalıdır və narazılıqları aradan qaldırmaq üçün qısa müddətdə bu dəyişiklikləri həyata keçirməlidir. Düzdür, indiki qaydalar əsasında da müsbət cavab alanlar var. Bu kredit götürmək istəyənlərin çox az bir faizidir. Burada digər bir çatışmazlıq da ondan ibarətdir ki, proses qiyabi tələbələrə şamil edilmir. Bu da böyük yanlışlıqdır. Bununla bağlı yanaşma belədir ki, guya qiyabi tələbələr işləyir. Əslində, bu belə deyil və qiyabi tələbələrin hamısı işləmir. Yaxud da işləsələr belə, öz ehtiyaclarını ödəyə bilmirlər. Bu baxımdan hesab edirəm ki, təhsilalma formasından asılı olmayaraq biz bütün tələbələrə kreditləri verməliyik”.

Tələbə kreditlərinin xaricdə təhsil almaq istəyənlərə şamil olunmamasına gəlincə, ekspert bunu doğru addım sayır: “Azərbaycanın xaricdə təhsil proqramı var. Eyni zamanda, dövlətlərarası müqavilələrlə də xaricdə təhsil almaq imkanı mövcuddur. Ona görə də xaricdə təhsil almağa gedənlərə bunu şamil etmək olmaz. Bu kreditlər daxili ehtiyac üçündür. Xarici universitetlər ola bilər ki, təhsil haqqı kifayət qədər yüksək olsun. Məsələn, İngiltərədə və ya Amerikada təhsil haqqı ən ucuz 10-15 min dollardır. Təbii ki, dövlət bunu qarşılamayacaq. Amma dövlət misal üçün 2007-2015-ci illər üzrə xaricdə təhsil proqramı çərçivəsində, eyni zamanda, digər proqramlarla tam olaraq təhsil haqqını ödəyib. Ona görə də bu layihəni xaricdə təhsil almaq istəyənlərə tətbiq etməyə ehtiyac yoxdur”.

Bal məhdudiyyəti rəqabətə hesablanıb, amma...

Təhsil krediti üçün bal məhdudiyyətinin qoyulmasına da toxunan Kamran Əsədov onu da vurğulayıb ki, bu addım tələbələr arasında rəqabət yaradılması hesablanıb:

“Düzdür, müraciət vaxtı bu hədd problem yaradır. Məsələn, subbakalavrlar  müraciət edə bilməzlər. Və yaxud balı 300-dən aşağı olanların müraciət hüququ yoxdur. Məhdudiyyət birinci semestə qədərdir. İkinci semestrdən onlar da müraciət edə bilərlər. Yəni, burada rəqabət yaradılır. Tutaq ki, siz sentyabrda ali təhsil müəssisəsinə qəbul olunmusunuz. Onsuz da bu proses uzun çəkəcək. Tələbə elə birinci kursdan yaxşı oxumalıdır ki, qoyulmuş kriteriyalara cavab versin. Bu balı müəyyən qədər, məsələn 200 bala yaxın endirmək də olar. Bütün hallarda tələbə birinci semestrdən yaxşı oxumağa çalışacaq ki, ikinci semestrdən kredit götürə bilsin. Amma digər tərəfdən də konkret rəqəmlər əsasında biz görürük ki, tələbə qəbul olur, lakin qısa müddət ərzində təhsil haqqını ödəyə bilmir, nəticədə ali təhsildən imtina edir. Ona görə mən də hesab edirəm ki, 300 ballıq limiti aşağı salsaq kredit daha əlçatan olar ”.

Qaydalarda təkmilləşdirmə olacaq

Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən təhsil eksperti Nadir İsrafilov da qeyd edib ki, təhsil tələbə krediti hamıya bərabər imkanların yaradılmasında yeni mərhələdir:

"Müşahidə edirik ki, qaydalardan müəyyən narazılıqlar var. Qaydalar məsələsi belədir ki, bizdə qəbul olunandan sonra təkmilləşdirmə işləri gedir. Təsəvvür edin bizim “Təhsil haqqında” qanunu. Bu qanunun hansısa maddəsndə elə bir il olmur ki, dəyişiklik edilməsin. Təhsil elə bir sahədir ki, daim inkişaf edir, yeniləşir və təkmilləşir. Ona görə mən indiyədək xatırlamıram ki, təhsil sahəsində hər hansı yenilik birmənalı şəkildə qarşılansın. Bu mənada tələbə krediti məsələsi də bizim üçün yenilikdir və bununla bağlı fikirlər, narazılıqlar da müxtəlifdir. Mən də hesab edirəm ki, mövcud gedişat bu istiqamətdə olan boşluqları üzə çıxaracaq. Tutaq ki, bu prosesin yalnız əyani tələbələrə şamil olunması doğru deyil. Aidiyyəti şəxslər buna izahat verirlər ki, guya qiyabi tələbələr işləyir. Məgər əyani qurtaran tələbə iş tapıb ki, qiyabi də işləsin? Digər tərəfdən bu məsələ niyə xaricdə oxuyan tələbəyə şamil olunmasın? Belə suallar çoxdur. Amma bütün boşluqlara baxmayaraq bu sistemin yaradılması özü irəliyə doğru atılmış addımdır. Biz Boloniya prosesinə daxil olandan sonra bu məsələ ortaya çıxdı. Bilirsiniz ki, bu kredit ayrı-ayrı ölkələrdə müxtəlif formalardadır. Məsələn, dünya ölkələrində 2-6 fazilə uzunmüddətli verilir. Bizim banklar uzun müddət buna razı olmadılar. Lakin ölkə başçısı tərəfindən imzalanmış 17 İyun 2021-ci il tarixli  fərmana əsasən, belə bir Fondun yaradılması irəliyə doğru atılmış addım sayıla bilər. Dövlətin əsas kursu neft kapitalının insan kapitalına çevrilməsi, təhsilin hamı üçün əlçatan olmasıdır. Təbii ki, biz belə bir kurs həyata keçiririksə, maddi cəhətdən də əlçatanlıq təmin olunmalıdır. Bizdə tələbələr var ki, yüksək balla ali məktəbə daxil olurlar, amma ödəniş səbəbindən tələbə olmaq hüququndan məhrum olurlar və yaxud da təhsil alanlar var ki, ödəniş səbəbindən təhsillərini yarımçıq qoyurlar. Bu mənada hesab edirəm ki, qaydalarda mütləq təkmilləşdirmə olacaq. Kreditə əlçatanlığın təmin olunması üçün bu addımın atılması zəruridir”.