Trampın tarif siyasəti

12:27 03.04.2025 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

 

ABŞ Prezidenti Donald Tramp administrasiyasının tətbiq etməyi planlaşdırdığı yeni tariflərin bütün ölkələrə təsir edəcəyinə söz verib.

Bu barədə o, prezident təyyarəsinin göyərtəsində jurnalistlərə açıqlama verərkən bildirib.

D.Tramp rüsumların ABŞ-nin ticarət balansının ən bariz şəkildə pozulduğu 10-15 ölkəyə təsir edib-etməyəcəyi ilə bağlı sualın cavabında belə deyib: “Biz bütün ölkələrdən başlamalı və nəyin baş verdiyini gözləyib görməliyik. Mən heç vaxt 15 ölkə ilə bağlı şayiə eşitməmişəm.

Belə baxanda tariflər haqqında danışdığımız bütün ölkələrə təsir edəcək. Biz isə bütün ölkələr haqqında danışırıq, yalnız bəziləri haqqında yox”.

D.Tramp ABŞ tariflərinin daha əvvəl digər ölkələrin Amerika ixracatına tətbiq etdiyi tariflərdən çox daha yumşaq olacağını söyləmişdi. “Tarixdə heç bir ölkə soyulmadığı kimi bizi soyublar. Lakin biz yenə də onlara qarşı daha yumşaq olacağıq. Buna baxmayaraq, bu, ölkə üçün əhəmiyyətli puldur”, - o demişdi.

Daha əvvəl ABŞ Prezidenti aprelin 2-dən idxal olunan mallara “güzgü rüsumları” tətbiq etmək niyyətində olduğunu açıqlamışdı. Onun sözlərinə görə, Braziliya, Hindistan, Kanada, Çin, Meksika və Aİ ölkələri ABŞ-yə orta hesabla ABŞ-nin tətbiq etdiyi gömrük rüsumlarından qat-qat yüksək tariflər tətbiq edirlər.

Bəs, görəsən, Trampın sərt tarif siyasətinin Azərbaycana hansı təsirləri olacaq?

Mövzu ilə bağlı iqtisadçı-ekspert Xalid Kərimli bildirib ki, əslində Amerika Birləşmiş Ştatları ilə Çin Xalq Respublikası arasındakı mübahisə 2016-2020-ci illərdə Trampın ilk prezidentliyi dövrünə təsadüf edir: "Problem 2017-ci ildə başlayıb və 2018-ci ildə yeni rüsumlar tətbiq edilib. Bundan sonra mübahisənin spektri genişlənib. Əvvəlkindən fərqli olaraq isə Tramp artıq vaxt itirmir və bu tariflərdə xüsusən də bunu Meksika ilə Kanadanın timsalında gördük. Yəni Tramp öz şərtlərini diktə etmək üçün bundan vasitə kimi də istifadə edir, prosesdən daha çox ticari və iqtisadi inkişaf məsələləri məqsədilə yox, öz gözləntilərini realizə etmək üçün qarşı tərəfi məcburetmə tədbiri kimi istifadə edir. Çinlə bağlı məsələ isə ondan ibarətdir ki, Çin iqtisadi mübarizədə Amerikanı artıq qabaqlayır. Düzdür, nominal ifadələrdə Çin dünyada ikinci iqtisadiyyatdır, amma bəzi hesablamalar da bunun əksini göstərir. Bu baxımdan, Amerika Çinin inkişafını ləngitmək istəyir".

Onun fikrincə, bu addımlar dünya iqtisadiyyatının inkişafına zərər vuracaqsa, neftdən istifadəni azaldacaqsa və dolayısı ilə neftin qiymətinin aşağı düşməsinə gətirib çıxaracaqsa, Azərbaycana da ziyandır: "Çünki dünyada baş verən proseslərin Azərbaycana təsiri, əsasən neft və qazın qiyməti ilə bağlıdır. Əks halda, bunun Bakıya təsiri olmayacaq".

Mövzu ilə bağlı iqtisadçı-ekspert Eldəniz Əmirov deyib ki, Trampın sərt tarif siyasəti əsasən, ABŞ-nin ticarət balansını yaxşılaşdırmaq məqsədi güdür: “Onun tətbiq etdiyi tariflər qeyd olunduğu kimi, Çin, Kanada və Meksika ilə bağlıdır ki, onların hər biri də ABŞ-nin xüsusi seçilmiş ticarət tərəfdaşlarıdır. Ticarət dövriyyəsində hər 100 dolların 40-41 dolları məhz bu ölkələrin payına düşür. Buna görə də Tramp tərəfindən verilmiş bu qərar kifayət qədər ciddi bir qərardır. Bunun təbii olaraq Çin iqtisadiyyatına mənfi təsirləri olacaq. Burada Çinin ABŞ-yə olan ixracının əhəmiyyətli dərəcədə azalması baş verəcək. Bu da Çin iqtisadiyyatına öz mənfi təsirlərini göstərəcək və Çin şirkətlərinin dəyər itirməsi ilə nəticələnəcək. Bu baxımdan, Çin alternativ bazarlar axtarışında olacaq. ABŞ dünyanın ən aparıcı idxal ölkəsidir və Çinin özü də ən bahalı məhsullarını ABŞ-yə ixrac edir. Ona görə də onun ABŞ bazarını əvəzləməsi çətin olacaq. Amma təbii ki, burada ABŞ-nin də itirəcəkləri olacaq. Birincisi, məhsulların qiymətində artım olacaq, istehlakçıların alış gücü azalacaq, inflyasiyaya təzyiq yaradacaq, eyni zamanda, ABŞ-nin özünün yerli istehlakçılarının daha baha qiymətə mal almasına, nəticədə insanların xərclərinin ciddi şəkildə artmasına gətirib çıxaracaq. Təbii ki, Çin də müəyyən tariflərdən istifadə etmək niyyətindədir. Amma hazırkı vəziyyətdə ABŞ-yə qarşı müəyyən təzyiqlər göstərilsə də, Pekin sonda Vaşinqton qədər aqressiv ola bilməyəcək. Çünki ABŞ-nin böyük şirkətləri həm də Çin ərazisində böyük investisiyalar yatırıb və həm ucuz işçi qüvvəsi, həm də logistik imkanlar səbəbindən burada fəaliyyət göstərirlər. ABŞ-yə qarşı tətbiq edilmiş qarşılıqlı sərt tarif siyasəti bu şirkətlərin Çindən çıxmasına səbəb ola bilər ki, bunu da Çin istəmir”.

Onun sözlərinə görə, mövcud gərginlik digər ölkələrə də mənfi təsir göstərəcək: "Çünki bu ölkələrdə xüsusilə texnologiya sahəsində istehsalın davamlılıq prosesinə zərbə vurmuş olacaq. Buna görə də qlobal inflyasiya təzyiqlərini artıracaq. Prosesin Azərbaycana isə müsbət və mənfi təsirlərini görə bilərik. Məsələn, alternativ bazarlar axtaran Çinin digər ölkələrə üz tutması və Azərbaycanda öz ixracını daha da genişləndirməsi müəyyən qədər məhsul əlçatanlığına və qiymətlərə müsbət təsir göstərə bilər. Amma bu çox kiçik bir effekt ola biləcək. Daha böyük ölçüdə bu münasibətlər bilavasitə Azərbaycanın ixracatına, xüsusi ilə də neft qiymətlərinə mənfi təsir göstərəcək. Çünki Çin dünyanın ən böyük enerji istehlakçısı olan ölkələrindən biridir. Onun ABŞ ilə ticarət müharibəsi Çinin istehsalının azalmasına səbəb olacaq və bu da enerjiyə olan tələbi dəyişəcək. Bu da təbii ki, Azərbaycana da öz mənfi təsirlərini göstərəcək. Çünki qlobal ticarətdə olan qeyri-müəyyənlik və inflyasiya artımları birbaşa inkişaf etməkdə olan ölkələrə öz mənfi təsirlərini göstərir".